Azərbaycan jurnalistlərinin peşə günü nə zamandır, soruşsanız, mən qətiyyətlə “12 dekabr” deyərəm. Çünki məhz bu tarixdə jurnalistlər aylardır görmədikləri məmurları görür, üstəlik, şansları varsa, səslərini eşitmək xoşbəxtiyini də yaşayırlar. Mövzu dənizində, müsahib okeanında üzürlər həmin gün. O başqa söhbətin mövzusudur ki, hansı sualları verirlər, arzuladıqları sualı verməyə cəsarətləri çatırmı?
Şəxsən mən dəfələrlə şanlı telejurnalistlərimizin Prezident Aparatı rəsmilərindən birini tədbirdən çıxan kimi necə üzük qaşı kimi dövrələdiklərinin canlı şahidi olmuşam. Həmin anlarda operatorlar bir-birini itələyə-itələyə, mikrafonlarını ən qabağa dürtərək elə canfəşanlıq edirlər ki, düşünürsən ki, yəqin ilin ən səs gətirən müsahibəsini götürəcəklər. Amma hamı mövqelərini bərkidəndən sonra məlum olur ki, kolleqaların sualı… sadəcə yoxdur. Onlara “sinxron” çəkmək üçün lazımdır bu. Televizyonçular öz aralarında bunu belə adlandırırlar – sinxron. Tədbir bitir, tədbirin əsas fiquruna tədbirin mahiyyəti barədə danışdırırlar və bütün canfəşanlıq da bunun üstündə olur. Arada da Ermənistan prezidentini “ifşa edən” suallar, ATƏT-in Minsk Qrupunu aşağılatmaq üçün pas vermələr və bitdi. Ölkə gündəmiymiş, gündəmi narahat edən suallarmış… nadir hallarda ona cavab tapmaq mümkün olur. Çaşıb cahilliyindən belə sualları verənlərin işdən çıxarılma əmri isə tədbirdən televiziya binasına çatmadan hazır olur. Çünki bu, televiziya tarixində bağışlanmaz “ÇP”dir.
ÇP demiş, ötən həftənin səs gətirən, amma neft daşlarındakı faciənin fonunda itib-batan xoşagəlməz hadisələrindən biri də Salyanın icra başçısı Tahir Kərimovun sosial şəbəkələrdə yayılan və qalmaqala səbəb olan fotosu idi. Görənlər görüb, görməyənlərə də biz xatırladaq ki, söhbət icra başçısının başı üzərində qızılgüllər tutulmuş fotosundan gedir. Daha doğrusu məktəblilərin əlində tutduğu güllərin altından keçən icra başçısı özünü krallara bənzədib. Ən maraqlısı isə bu fotonun ardınca gələn təkzibdir. Fotodan daha məzəli. Təkzibi yada salaq: “Bu foto bir gül kompozisiyasıdır. İcra başçısı tədbirə gedən zaman uşaqlar onu güllərlə qarşılayıblar. Bu, əvvəlcədən planlaşdırılmış şəkildə baş tutub. Yazılanların heç biri doğru deyil. Bu, şantaj və böhtandır”.
Biz Şimali Koreyanın prezidenti Kim Çen Ina lağ edib, şəkillərini sosial şəbəkədə paylaşdığımız günlərdə başımıza gələnləri görürsüzmü? Biz gülürdük ki, bəs koreyalı qızlar niyə Kim bəyi görəndə ağlaşırlar, uşaqlar niyə israrla onun qolundan yapışıb buraxmaq istəmir. Lənət şeytana, bunların şəklini o vurhavurda kim çəkib yayır? Başımıza ondan da betəri gəldi. Colma-çocuğu küçələrə töküb əllərinə gül dürtdülər ki, bəs bir azdan kral gələcək. Təkzibi oxuyub, şoka girirsən. Üzrü qəbahətindən betər: “İcra başçısı tədbirə gedən zaman uşaqlar onu güllərlə qarşılayıblar. Bu, əvvəlcədən planlaşdırılmış şəkildə baş tutub”. Bəli, elə biz də onu deyirik ki, icra başçısı tədbirə gedən zaman uşaqlar hansı məntiqlə əllərində güllə küçələrə tökülməli, üstəlik başçının başı üstündə gül tutmalıdır? Anlaşılır ki, bu, əvvəldən planlaşdırılır. Biz də onu deyirik ki, belə şeyi planlaşdırmayın. Hələ beyinləri bərkiməmiş balacaları özünüzə bənzətməyin, ölkədən Şimali Koreya düzəltməyin. Nəyisə planlaşdırmaq vacibdirsə, rayonun abadlaşdırılması ilə bağlı tədbirlər planlaşdırın. Məsələn, ölkə üzrə ali məktəbə qəbulun ən yüksək göstəricisi olaraq Salyan rayonunun adı çəkilsin, mən dediklərimdən imtina edərəm. Yoxsa ki, uşaqlar gül tutubmuş, icra başçısı da bunun altından keçibmiş.
Özündən balaca kral düzəltməyə çalışanların taleyini gözünüzün qabağına gətirin ən azı. Gözü çıxmış qardaşınızdan dərs götürün, necə deyərlər. Belə əndrəbadiliklərə yuxarılarda qısa bir müddət göz yumurlar… Sonrası? Qandallı əl, vəkillər vasitəsilə mediaya ötürülən “burda hüquqların pozulur” mesajıdır. Daha sonra da dörd gözlə əfv fərmanını gözləmə mərhələsi… Yəni, müsbət heç nə yoxdur.
Yox, əgər “dediyim dedikdi” düşünürsüzsə, yola davam. Hətta bir neçə ip ucu da verə bilərəm. Kim Çen Inın doğum günündə səmada ulduz işıqlandırırlar, fəsilləri dəyişirlər, 2 tərəfli göyqurşağı yaradırlar. Kim Çen Inın rəsmi bioqrafiyasında göstərilib ki, o, heç vaxt tualetdən istifadə etməyib. Bundan başqa, yazılıb ki, o, doğulduqdan 3 həftə sonra gəzməyi öyrənib, 8 aylığında isə danışırmış. Kim Çen In universitetdə oxuduğu zaman isə 1500 kitab yazıb.