"BioNTech" və "BMS" xərçəng dərmanı hazırlayacaq

Alman biotexnologiya firması BioNTech və ABŞ-ın əczaçılıq şirkəti Bristol Myers Squibb (BMS) arasında, BioNTech-in tədqiqat aparan xərçəng dərmanının birgə inkişafı və kommersiyalaşdırılması üçün 11,1 milyard dollara qədər ödəniş nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalandığı bildirilir.
Elchi.az xəbər verir ki, BioNTech və BMS şirkətlərinin birgə bəyanatında bildirilib ki, alman şirkəti ABŞ şirkəti ilə tədqiq olunan xərçəng dərmanı BNT327-nin hazırlanması və kommersiyalaşdırılması üçün razılığa gəlib.
Müqaviləyə əsasən, BMS əməkdaşlıq üçün BioNTech-ə ümumilikdə 11,1 milyard dollar ödəyəcək. BioNTech ilkin ödəniş olaraq 1,5 milyard dollar alacaq.
BioNTech, mRNA texnologiyasından istifadə edərək COVID-19 peyvəndini inkişaf etdirdi və ABŞ-ın Pfizer şirkəti ilə əməkdaşlıqda istifadəyə verdi. BioNTech 2021-ci ildə mRNA peyvəndindən təxminən 19 milyard dollar gəlir əldə edib.
COVID-19 epidemiyasından sonra diqqətini xərçəng dərmanının inkişafına yönəldən BioNTech, ilk xərçəng dərmanını 2026-cı ildə satışa çıxarmağı hədəfləyir. Xəbərdən sonra BioNTech-in səhmləri erkən ticarətdə təxminən 20 faiz artaraq 114,75 dollara çatdı.
Şayəstə Hüseynova