Bakı Apelyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən jurnalist İkram Rəhimov barəsində olan hökmdən verilən şikayət üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
Məhkəmə baxışı avqustun 7-nə təyin edilib.
Qeyd edək ki, İ. Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə, baş redaktoru olduğu “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb. Onun həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çoxsaylı şikayətlər daxil olub. O, ötən il oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işində 6 zərərçəkmiş var.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.