Barselonada qatar yoldan keçənləri vurub: 4 nəfər ölüb

88

İspaniyanın şərqindəki Barselona şəhəri yaxınlığında şəhərətrafı qatarın relsləri keçən qrupu vurması nəticəsində 4 nəfərin öldüyü bildirilir.
Elchi.az xəbər verir ki, Kataloniya Muxtar Administrasiyasının Mülki Müdafiə Baş İdarəsindən verilən məlumata görə, Barselona yaxınlığındakı Vallesin şərq bölgəsində  7 nəfərdən ibarət qrup piyadalara bağlı ərazidə relsləri keçməyə cəhd edərkən qatarın vurması nəticəsində 4 nəfər həlak olub.
Yerli vaxtla saat 20:18-də baş verən qatar qəzasının piyadaların relslərdən keçməsinin qadağan olunduğu, yolun əyri və görmə qabiliyyətinin çətin olduğu yerdə baş verdiyi aydınlaşdırılıb.
Yerli hakimiyyət orqanları bildiriblər ki, qəzanın qurbanları ərazidəki konsertə getmək üçün dəmiryol relslərini keçməyə çalışan bir qrup gəncdir.
Bildirilir ki, qəza qatarı hadisə yerində saxlamağa məcbur edib, sərnişinlər avtobuslarla daşınıb, R3 şəhərətrafı qatar xətti isə müvəqqəti bağlanıb.

Nuranə Məmmədova