“Putin irəli getsə, uduzacaq, geri çəkilsə, hakimiyyəti itirəcək”
“Qarşıdurma sonadək davam edəcək. Bu o deməkdir ki, ya Qərb öz dediyinə nail olacaq, ya da
Putin”.
Bu fikirləri Aktual.az-a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. Onun fikrincə, proseslərin nəticəsi Rusiya üçün acınacaqlı olacaq:
“Qüvvələr nisbətindən baxanda Rusiyanı NATO ilə müqayisə etmək çətindir. Baxmayaraq ki, Rusiya nüvə dövlətidir. Ancaq onun nə Amerika və Avropanın iqtisadiyyatı kimi iqitisadiyyatı, nə də arxasında NATO kimi qüvvəsi var. Barış mümkün deyil. Proseslərin nəticəsi Rusiya üçün acınacaqlı olacaq. Çünki sanksiyalar hər gün artır və güclənir. NATO Şərqi Avropada və Baltikyanı respublikalarda gücünü daha da artıraraq, yeni qüvvələr yerləşdirir”.
V. Quluzadə Vladimir Putinin “yeni yol xəritəsi” təklifindən söz açaraq, bunun Dağlıq Qarabağ danışıqlarındakı proseslərlə oxşar olduğunu qeyd edib:
“Rusiya prezidenti V. Putinin “yeni yol xəritəsi”ni təklif etməsi diqqətçəkən məqamdır. Mən Dağlıq Qarabağ danışıqlarında iştirak etdiyim üçün bunun nə olduğunu yaxşı anlayıram. Yol xəritəsinin məqsədi, Ukraynanın öz qoşununu geri çəkməsi şərti ilə, separatçıların hücumu dayandıracaqlarından ibarətdir.
Əslində, Ukrayna öz torpağındadır. Nə üçün qoşunlarını geri çəkməlidir? Əgər Putin xoşniyyətli olsaydı, separatçıların tərksilah olmasını təklif edərdi.
Dağlıq Qarabağ danışıqlarında da eyni məqam idi. Bizə də belə təkliflər olurdu. Əvvələr istəyirdilər məsələyə belə formada “don geyindirsinlər”. Guya “Qarabağ separatçıları” Azərbayacanın 20 faiz torpağını işğal edib. Ermənistanı məsələdən uzaqlaşdırmaq istəyirdilər. İmperiyanın arsenalında belə təkliflər çoxdan var. Artıq bunları hamı bilir. Ukraynanın baş naziri Yatsenyuk da Putinin “yeni yol xəritəsi”nə həmin dəqiqə düzgün qiymət verdi ki, bu, heç də sülhə yönələn addım deyil”.
Ukraynanın Qərbin və NATO-nun müttəfiqi elan olunduğunu deyən politoloq Rusiyanın Ukraynanı yıxa bilməyəcəyini və üstünlüyün Qərbdə olduğunu vurğulayıb:
“Rusiyanın daxilində narazılıq artır. Bu zamana qədər narazılıq dalğasını boğurlar. Kim səsini çıxarırsa, onu vətən xaini elan edirlər. Ancaq rus ictimaiyyətində Ukraynanın əleyhinə aparılan müharibəyə qarşı da narazılıqlar var, onlar artır və genişlənir. Bu səbəbdən gələcəkdə baş verən hadisələr ölkənin daxilindəki proseslərdə özünü biruzə verəcək. Rusiyaya tətbiq olunan sanksiyaların fonunda qiymətlər artır, rus rublunun məzənnəsi düşür. Bu şəraitdə xalqın vəziyyəti də pisləşir. Putin artıq müharibə yoluna addım atıb. Qarşısındakı düşmən ondan qat-qat güclüdür. Putin irəli getsə uduzacaq, geri çəkilsə hakimiyyəti itirəcək”.
