“Təmiz Şəhər” ASC Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsinin ümumi sahəsi 43 min kvadratmetr təşkil edən yollarında əsaslı təmir-bərpa işləri aparır və asfalt örtüyünü yeniləyir.
Azərbaycan İqtisadiyyat Nazirliyindən Elchi.az-a verilən məlumata görə, yolların bərpasında asfaltın alt qatında Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda tullantıların yandırılması nəticəsində yaranan 460 tondan çox dib külündən istifadə olunub.
Qeyd edək ki, 2013-2015-ci illərdə isə bu sosial layihə çərçivəsində Balaxanı qəsəbəsində ümumi uzunluğu 87 km-dən artıq olan su xətti çəkilib, 5040 ədəd su sayğacı quraşdırılıb və 20 min nəfərdən çox Balaxanı sakini içməli su ilə təmin edilib.
Xatırladaq ki, təmir-bərpa işləri İqtisadiyyat Nazirliyi ilə Fransanın “CNIM S.A.” şirkəti arasında Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun tikintisi zamanı bağlanmış podrat müqaviləsinə əsasən həyata keçirilən sosial layihə çərçivəsində aparılır.