“Kimi narahat etməsi bizim üçün önəmli deyil. Kimsə ümumiyyətlə bu problemin həllində maraqlı olmaya bilər, əsas odur ki, bizi razı salsın bu məsələ. Biz bunu müzakirə edib, qərarımızı verməliyik”.
Elchi.az xəbər verir ki, bu fikirləri Faktmedia.az-a millət vəkili Fazil Mustafa Nikol Paşinyanın Azərbaycana aid 8 kəndi “Azərbaycandakı anklavlarla dəyişməyə” hazır olduğunu bildirməsi İranı da “narahat” edib sualına cavab olaraq deyib.
“Hesab edirəm ki, Azərbaycan bu məsələdə öz mövqeyini açıq şəkildə ortaya qoymaqdadır və Azərbaycanın hər hansı bir öz marağına zidd olan variantı qəbul etməyəcəyi hər kəsə bəllidir. Belə bir təkliflər müəyyən bir kompromislər üzərində qurulur və real vəziyyəti nəzərə alaraq addımlar atılır. Hər halda, bu müzakirəyə layiq məsələdir. Məncə bizim maraqlara uyğun bir variantda razılaşmamız mümkündür. Amma, başqa ölkələrin razılaşıb- razılaşmaması heç bir əhəmiyyət daşımır. Əgər belə bir narahatçılıqları varsa öz əraziləri ilə bağlı məsələləri həll etsinlər, Talibanla məsələlərini çözsünlər. Hələ ki, Azərbaycan ərazilərinə, yaxud da Ermənistanla Azərbaycan münasibətlərinə biz müstəqil olaraq sərəncam veririk”, – deyə deputat bildirib.
Qeyd edək ki, Nikol Paşinyan bildirib ki, Ermənistan ərazisində elə anklav yoxdur ki, onun qaytarılması ilə həlledilməz yol problemi yaransın. Paşinyan əlavə edib ki, ilkin versiya kimi Kərki kəndini götürək. Bu kəndin qaytarılası ilə İrəvandan Dərələyəzə və s. yol məhdudlaşa bilər. Götürək ki, biz məsələyə hüquqi baxımdan yanaşırıq. Əgər siyasi baxımdan müəyyənləşsə ki, bu kənd Azərbaycana aiddir və bu, xəritələrlə təsdiqlənir, onu qaytarmaq problem deyil. Ancaq Azərbaycanın, məsələn, Başkəndi qaytarıb, Kərkini almaq istədiyi haqda da fakt yoxdur.