Ən böyük kənd təsərrüfatı treyderi olan Amerika qida şirkəti “Cargill” yanacağın yanmasından yaranan istixana qazı emissiyalarını azaltmaq üçün 37,5 metr hündürlüyündə nəhəng yelkənləri sınaqdan keçirməyə başladı. Elchi.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Söhbət “Pyxis Ocean” adlı 80 min ton tutumlu quru yük gəmisindən gedir. Gəmi polad və kompozit şüşədən hazırlanmış iki kütləvi “külək qanadı” ilə təchiz edilib. Bu yaxınlarda quru yük gəmisi Şanxaydan Sinqapura ilk səfərini başa vurub. Sınaq nəticələri uğurlu hesab edilərsə, Cargill oxşar yelkənləri daha on gəmidə quraşdırmağa ümid edir. Beləliklə, şirkət bəşəriyyəti qlobal istiləşmədən xilas etməyə töhfə verməyə çalışır.
Ekspertlər hesab edirlər ki, bu texnologiya ümumi yanacaq sərfiyyatını 20 faiz azaltmağa kömək edəcək.
Qeyd edək ki, gəmiçilik sənayesi bütün nəqliyyat növləri arasında ən çirkləndiricilərdən biridir. Beynəlxalq Dəniz Təşkilatının analitiklərinin hesablamalarına görə, atmosferə atılan tullantıların illik payı 283 kömürlə işləyən elektrik stansiyasından gələn karbon qazı qədərdir. Bu onunla bağlıdır ki, hazırda gəmilərin böyük əksəriyyəti adi mazutla işləyir. Bərpa olunan enerji mənbələrindən geniş istifadə sənayeni ətraf mühit üçün daha təhlükəsiz edər, analitiklər yekunlaşdırdılar.
Havar Şəfiyeva