Rusiya istixana tərəvəzlərinin istehsalını artırır, çatışmayan istehsal həcmini və istehlakçılarının tərəvəzə olan tələbatını isə digər ölkələrdən idxal hesabına ödəyir.
Elchi.az Rusiya Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Rusiya bazarına tədarük həcminə görə TOP-5 ölkə sırasına Misir (tərəvəz idxalında 22% pay), Çin (təqribən 16%), Türkiyə (12%), İsrail (təxminən 10%) və Azərbaycan (8,8%) daxildir.
Nazirliyin məlumatına görə, 2021-ci ildə Rusiya Federasiyası tərəvəz məhsulları ilə özünü təmin etmək baxımından 87% səviyyəsinə çatıb ki, onun ümumi həcmində istixana tərəvəzlərinin payı durmadan artır.
Məsələn, cari ilin əvvəlindən qorunan sahədə 216 min tondan çox tərəvəz yığılıb. Ötən illə müqayisədə istehsal 10% artıb. Xüsusilə, bu il Rusiya istixanalarında artıq 133 min tondan çox xiyar (artım 8,6%), təqribən 78 min ton pomidor (artım təxminən 12%) yığılıb.