Avropa Komissiyası TikTok-u Rəqəmsal Xidmətlər Qanunu (DSA)-nı pozmaqda günahlandırıb və asılılıq yaradan dizaynına görə dərhal dəyişiklik etməsini tələb edib.
Elchi.az xəbər verir ki, “BFMTV”nin məlumatına görə, əgər sosial şəbəkə bu tələblərə əməl etməzsə, şirkətə qlobal gəlirinin 6%-i qədər cərimə tətbiq oluna bilər.
Brüsseldə hesab edirlər ki, platformanın alqoritmləri yetkinlik yaşına çatmamış istifadəçilərin psixi sağlamlığına ziyan vurur. Xüsusi narahatlıq isə tətbiqin istifadəçiləri hətta gecə saatlarında da davamlı istifadəyə təşviq edən funksiyalarına yönəlib.
Rəqəmsal texnologiyalar üzrə Avropa komissarı Henna Virkkunen bildirib ki, TikTok Avropada uşaqları qorumaq üçün interfeysini dəyişməlidir. Komissiya şirkətdən xidmətin əsas dizaynını yenidən nəzərdən keçirməsini və effektiv valideyn nəzarəti vasitələrini tətbiq etməsini tələb edir.
Aİ nümayəndəsi qeyd edib ki, TikTok bəzi riskləri etiraf etsə də, görülmüş tədbirlər Avropanın sərt qaydalarına riayət etmək üçün kifayət etmir. Məsələn, ekran vaxtı parametrlərinin asanlıqla söndürülməsi və valideyn nəzarətinin mürəkkəb sistemi problemlidir.
İndi TikTok-a şikayətlərə baxmaq və cavab vermək üçün vaxt verilib. Əvvəl şirkət əməkdaşlığa hazır olduğunu göstərmişdi, lakin yekun qərar milyonlarla avro dəyərində cərimə ilə nəticələnə bilər.
Məryəm





















