İnsanı torpağa basdırdılar .
Tabutunun üzərində göz yaşı tökdülər , baş daşına ismini , doğulduğu tarixi həkk elədilər , xatirələrini yad etdilər .
Biri dedi : Gözəl ailə başçısı öldü .
O biri dedi : Xeyirxah , xalqsevər öldü .
Digəri dedi : İti , parlaq zəka məhv oldu .
Biri dedi : Həssas , zərif , hərarətli ürək sahibini itirdik .
O biri dedi : İşıqlı mənəviyyat söndü .
Mərhumun vəfadarlığından , fədakarlığından , mətanətindən doyunca danışdılar .
Lakin bu sözlərin hamısı bir yerdə İnsanı ifadə etmirdi . Çünki İnsan bu deyilənlərdən sonsuz dərəcə artıq idi , onlara sığmırdı . Əslində insanı heç kəs tanıya bilməmişdi , o , həyata naməlum gəlib , naməlum da gedirdi , heç kəs onun kim olduğunu dərk etməmişdi , o dünyaya , adi təsəvvürlərə sığmamışdı , torpağa da sığmayacaqdı , təbiətlə birgə oyanacaq , sifətlərə , saçlara , dodaqlara , əllərə , ruhani niyyətlərə , arzulara , fikrə , duyğuya çevriləcəkdi , tapmadığı dünyasını daim arayacaq , arayacaqdı .