Aşağı Saksoniya federal torpağının hakimiyyət orqanları “Rosatom” dövlət korporasiyasının tərkibinə daxil olan Rusiyanın “TVEL” yanacaq şirkətinin texnologiyaları əsasında istilikayıran yığımların (İAY) istehsalı üçün Lingen şəhərindəki “Advanced Nuclear Fuels GmbH” zavodunun genişləndirilməsini təsdiqləyib.
Elchi.az xəbər verir ki, bu barədə “Die Zeit” qəzeti regionun ətraf mühit nazirliyinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Lingen şəhərindəki zavod gələcəkdə Rusiya tipli istilikayıran elementlər istehsal edə biləcək. Aşağı Saksoniyanın Ətraf Mühit Nazirliyi ciddi təhlükəsizlik tələblərinə riayət olunması şərtilə müəssisənin müvafiq genişləndirilməsinə razılıq verib.
Zavodun operatoru Fransanın “Framatome” konserninin tərkibinə daxil olan “Advanced Nuclear Fuels GmbH” (ANF) şirkətidir. ANF Rusiya konstruksiyalı atom elektrik stansiyaları üçün altıbucaqlı istilikayıran yığımlar buraxmağı planlaşdırır. Bunun üçün Rusiyanın “TVEL” yanacaq şirkətinin texnologiyalarından istifadə edilməsi nəzərdə tutulur.
“Die Zeit”in iddiasına görə, istehsala başlamaq üçün qoyulan şərtlər sırasına “TVEL” və “Rosatom” şirkətlərinin əməkdaşlarının müəssisənin ərazisinə daxil olmasına tam qadağa da daxildir. Rusiya avadanlıqları və proqram təminatı müstəqil xarici yoxlamadan keçməli və zavodun qalan İT-infrastrukturundan təcrid olunmalıdır. Qəzet dəqiqləşdirir ki, Rusiyadan tədarük edilən istilikayıran elementlər yüz faiz nəzarətə tabedir.
Məryəm





















