Avropa İttifaqı (Aİ) liderlərinin toplantısının ikinci günündə miqrasiya və Çinlə əlaqələr əsas gündəmləri ilə davam edir.
Elchi.az xəbər verir ki, Aİ-yə üzv olan 27 ölkənin liderləri Liderlər Zirvəsinin ikinci gün sessiyaları üçün Belçikanın paytaxtı Brüsseldəki Avropa Şurasının binasına toplaşıb.
Dünənki iclaslar yerli vaxtla saat 01:30-a qədər davam edib və liderlər Ukrayna, müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Görüşlərin yekununda qəbul edilən birgə bəyanatda Aİ liderləri Ukraynaya hərbi və maliyyə dəstəyinin davam etdirilməsinə və Avropanın müdafiə sənayesinin gücləndirilməsinə sadiq olduqlarını bir daha bəyan ediblər.
Liderlərin bugünkü iclasları daha çətin gündəmlə başladı. İlk olaraq miqrasiya mövzusunu müzakirə edəcək liderlərin iki həftə əvvəl Yunanıstan sahillərində baş verən və bir qayığın batması ilə yüzlərlə immiqrantın ölümünə səbəb olan fəlakətdən sonrakı vəziyyəti dəyərləndirməsi gözlənilir.
Şayəstə Hüseynova