Aİ: İnqilab Keşikçilərini terrorçular siyahısına salmaq üçün məhkəmə qərarı tələb olunur

34

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib ki, İran İnqilab Keşikçiləri Ordusunun Aİ-nin terrorçu siyahısına daxil edilməsi yalnız üzv ölkələrdən birində məhkəmənin qərarından sonra mümkün ola bilər.

Elchi.az xarici mediaya istinadən bildirir ki, Borrell bununla bağlı Aİ ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında çıxış edib.

Jurnalistin İran İnqilabı Keşikçiləri Korpusunun terrorçular siyahısına daxil edilib-edilməməsi ilə bağlı sualını Borrell belə cavablandırıb:

“Baxın, bununla bağlı çox maraqlı fikirlər var. Amma bu, məhkəmə qərarı olmadan həll edilə bilməyən bir şeydir. Bir insana deyə bilməzsiniz ki, “Səndən xoşum gəlmir, ona görə də səni terrorçu hesab edirəm”. Əvvəla, üzv dövlətlərdən birində konkret qınama, hüquqi bəyanat olmalıdır. Bundan sonra Avropa səviyyəsində məsələnin üzərində işləyəcəyik”.

Borrell bildirib ki, nazirlər bu gün yalnız insan haqları çərçivəsində fərdlərə qarşı yeni sanksiyaları nəzərdən keçirəcəklər.

Avropa Parlamentinin (AP) yanvarın 19-da qəbul etdiyi qətnamə layihəsində İran liderlərinə sanksiya tətbiq edilməsi və İnqilab Keşikçiləri Ordusunun Aİ-nin terrorçu siyahısına salınması tələb edilib. Buna cavab olaraq İran parlament hökuməti Aİ ölkələrinin ordularını terrorçular siyahısına daxil etməyi tələb edən əks qanun layihəsi hazırlamışdı.

Yeganə