ABŞ Ukrayna və Rusiyaya Amerika Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun və kürəkəni Cared Kuşnerin Moskva və Kiyevə səfərləri müddətində qarşılıqlı zərbələri dayandırmaq xahişi ilə müraciət edib.
Elchi.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Vaşinqton Uitkoff və Kuşnerin səfəri zamanı Kiyevin Moskvaya və enerji obyektlərinə pilotsuz uçuş aparatları ilə hücumlarını müvəqqəti dayandırmasını tələb edir. Rusiyadan isə nümayəndə heyətinin səfəri müddətində Kiyevdəki hədəflərə zərbələr endirməkdən imtina etməsi gözlənilir.
Bununla yanaşı, qəzet vurğulayıb ki, hazırda ABŞ nümayəndələrinin Rusiya Prezidenti Vladimir Putinə və onun ukraynalı həmkarı Volodimir Zelenskiyə münaqişənin həlli üzrə yeni təkliflər təqdim etməyi planlaşdırıb-planlaşdırmadığı aydın deyil. NYT-nin fikrincə, ola bilsin, onların vəzifəsi ərazi məsələləri üzrə fikir ayrılıqlarını azaltmaq olacaq.





















