ABŞ Federal Aviasiya İdarəsi Vaşinqtondakı Ronald Reyqan adına hava limanı yaxınlığında prezident helikopteri “Marine One” ilə baş verən son insidentdən sonra hava hərəkəti qaydalarını dəyişməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazır.
Nəşrin məlumatına görə, Federal Aviasiya İdarəsi (FAA) dispetçer rabitə antenalarının yerini dəyişməyi, radio siqnalını gücləndirməyi, aviadispetçerlər üçün əlavə təlimlər keçirməyi, habelə prezident helikopterlərinin heyəti ilə qarşılıqlı əlaqə prosedurlarını dəyişməyi nəzərdə tutur. Bundan əlavə, “Marine One” qalxmazdan əvvəl hava məkanının mülki təyyarələrdən məcburi təmizlənməsini təmin etmək planlaşdırılır.
Qəzet qeyd edir ki, prosedurlara baxılmasına avqustun 4-də baş verən insident səbəb olub. Həmin vaxt ABŞ Prezidenti Donald Trampın olduğu helikopter “American Airlines” şirkətinə məxsus regional sərnişin təyyarəsindən üfüqi xətt üzrə təxminən 1,7 km, şaquli xətt üzrə isə 91 metr məsafədə olub. Halbuki federal normalara əsasən, minimum məsafə üfüqi üzrə 2,4 km, şaquli üzrə isə 152 metr olmalıdır. FAA-nın ilkin yoxlamasına əsasən, dispetçerlər “Marine One”ın uçuşu haqqında dəqiq xəbərdarlıq almayıblar və sərnişin təyyarəsinin heyətinə yaxınlıqda prezident helikopterinin olması barədə məlumat verməyiblər. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası baş verənlərlə bağlı araşdırmanı davam etdirir.
Məryəm



















