Amerikalı jurnalist Taker Karlson İordaniya və Suriya sərhədində Amerika bazasına endirilən zərbəyə cavab olaraq İrana zərbə endirilməsinin tərəfdarı olan ABŞ Respublikaçılar Partiyasının nümayəndələrini dəli adlandırıb. Elchi.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
“Nüfuzlu mühafizəkar səs Taker Karlson hücumdan sonra ABŞ-ın İrana qarşı tez hərbi reaksiya verməsini tələb edən iki senatoru dəli adlandırıb”, – deyə nəşr qeyd edib.
Belə ki, o, İrana indi zərbə endirmək çağırışı edən respublikaçı senatorlar Lindsi Qrem, eləcə də İranın paytaxtı Tehranı “zərbələr üçün hədəf” adlandıran Con Korninin bəyanatlarına cavab verib. Nəşr vurğulayır ki, bu cür bəyanatlar beynəlxalq böhranların güc yolu ilə həlli tərəfdarlarının və təcridçilərin bərabər sayda olduğu Respublika Partiyasında parçalanmadan xəbər verir.
Qeyd edək ki, yanvarın 28-də ABŞ Mərkəzi Komandanlığı İordaniya-Suriya sərhədində ABŞ hərbi bazasına pilotsuz təyyarə ilə hücum barədə məlumat verib.
Havar Şəfiyeva