ABŞ Ədliyyə Nazirliyi 8 ştatın baş prokuroru ilə birlikdə “Google”un rəqəmsal reklam sənayesindəki üstünlüyünün rəqabətə zərər verdiyini iddia edərək məhkəməyə müraciət edib.
Elchi.az xəbər verir ki, ABŞ Departamentindən verilən açıqlamaya görə, “Google”-a qarşı Kaliforniya, Kolorado, Konnektikut, Nyu-Cersi, Nyu-York, Rod-Aylend, Tennessi və Virciniya ştatlarının baş prokurorları ilə Virciniya Şərq Dairə Məhkəməsində antiinhisar iddiası qaldırılıb.
Şirkətin çox sayda rəqəmsal reklam texnologiyası məhsulunu inhisara aldığını ifadə edən açıqlamada “Google”un sənayedəki hökmranlığına qarşı hər hansı təhlükəni aradan qaldırmaq və ya ciddi şəkildə azaltmaq üçün rəqabətə zidd, istisna və qeyri-qanuni üsullardan istifadə etdiyi iddia edilib.
Açıqlamada bildirilib ki, Ədliyyə Departamenti və dövlət baş prokurorları rəqəmsal reklam bazarında rəqabəti bərpa etməyi hədəfləyirlər.
“Google”un son 15 ildə satın almalar yolu ilə reklam texnologiyası rəqiblərini zərərsizləşdirdiyi və ya ortadan qaldırdığı ifadə edilən açıqlamada, şirkətin rəqəmsal reklam bazarlarında hökmranlığından istifadə etdiyi və rəqabət aparan məhsulların istifadəsini əngəllədiyi ifadə edilib.
Açıqlamada “Google”un sektordakı hökmranlığını gücləndirdiyi və şirkətin rəqabətə zidd davranışlarının məzmununa da yer verildiyi bildirilib.
Xatırladaq ki, 2020-ci ildə ABŞ Ədliyyə Departamenti axtarış və axtarış reklamlarını monopoliya altına aldığı üçün “Google”a qarşı antiinhisar iddiası qaldırmışdı.
Yeganə