ABŞ məhkəməsi texnologiya şirkəti Apple-ın iki patenti pozduğuna dair qərar çıxarıb və şirkətin təxminən 5,72 milyard dollar məbləğində təzminat ödəməsini əmr edib.
Elchi.az xəbər verir ki, məhkəmə prosesi zamanı “Taction Technology” şirkəti Apple-ı iPhone və Apple Watch kimi cihazlarda vibrasiya siqnallarını təmin edən “Taptic Engine” mexanizmində özünə məxsus texnologiyadan icazəsiz istifadə etməkdə ittiham edib.
San-Dieqo Federal Məhkəməsinin andlılar heyəti müəyyən edib ki, Apple sözügedən iki patentlə əhatə olunan ümumilikdə üç elementi pozub. Nəticədə, “Taction” şirkətinə 5,72 milyard dollar məbləğində təzminat ödənilməsi barədə qərar verilib.
Apple qərardan apellyasiya şikayəti verəcək
Apple məhkəmə qərarı ilə razılaşmadığını və hüquqi yollarla apellyasiya şikayəti vermək niyyətində olduğunu açıqlayıb. Şirkət “Taction”a məxsus heç bir texnologiyadan istifadə etmədiyini iddia edir.
Bununla belə, beynəlxalq hüquq ekspertləri və sektor analitikləri qeyd edirlər ki, texnologiya nəhənglərinə tətbiq edilən bu cür böyük cərimələr sonrakı məhkəmə proseslərində – xüsusilə də hüquqi və texniki araşdırmalardan sonra apellyasiya mərhələsində – tez-tez əhəmiyyətli dərəcədə azaldılır və ya hətta qərarlar tamamilə ləğv edilir.
Digər tərəfdən, işə baxan andlılar heyəti Apple-ın patent pozuntusunu bilərəkdən və ya qəsdən törətmədiyi qənaətinə gəlib.
ABŞ patent qanunvericiliyinə əsasən, əgər şirkət pozuntunu “qəsdən və vicdansız niyyətlə” törətsəydi, cərimə məbləği hakimin qərarı ilə üçqat artırıla bilərdi ki, bu da Apple-ın ödəməli olduğu ümumi məbləği təxminən 17 milyard dollar kimi tarixi bir səviyyəyə çatdıra bilərdi. Pozuntunun qeyri-ixtiyari olması faktı Apple-ın apellyasiya prosesindəki müdafiə strategiyası üçün mühüm hüquqi üstünlük hesab olunur.
Şayəstə





















