Rusiya Çini ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçiriləcək üçtərəfli sammitdə iştirak etməyə razı salıb. Rusiya lideri bu görüşdən Ukrayna məsələsində təzyiq göstərmək üçün istifadə etməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, nə Moskva, nə də Pekin sammitin rəsmi mövzusu olan nüvə tərksilahına xüsusi maraq göstərməyib. Lakin Vladimir Putin bu görüşdə Donald Trampın Ukrayna ilə bağlı mövqeyinə təsir etmək imkanı görüb və buna görə də Rusiya Çinin iştirakına nail olmağa çalışıb. Nəticədə Çin Xalq Respublikasının Sədri Si Cinpin razılıq verib.
Bununla yanaşı, ABŞ və Çin rəsmiləri daha əvvəl sammitdə Ukraynadakı müharibənin müzakirə olunmayacağına dair təminat vermişdilər. Lakin ABŞ Prezidenti Donald Tramp artıq öz “sevimli mövzusu” – Ukrayna barədə danışmaq niyyətində olduğunu bəyan edib.
ABŞ-nin avropalı müttəfiqləri isə Vladimir Putinə gözlənilməz güzəştlərin ediləcəyindən ehtiyatlanırlar. Avropalı diplomatın “Axios”a bildirdiyinə görə, qarşıdan gələn sammit liderlərin Dublində keçirilən qapalı görüşündə müzakirə olunub. Xüsusilə Almaniya kansleri Fridrix Merz öz narahatlığını fəal şəkildə ifadə edib və daha sonra Vaşinqtona açıq şəkildə müraciət edib: “Zəhmət olmasa, heç bir sürpriz olmasın”.
Digər bir avropalı diplomat isə nəşrə belə deyib: “Biz bilirik ki, Tramp hər dəfə Putinlə danışanda və ya görüşəndə bu, Ukrayna və Avropa üçün pis xəbərlərlə nəticələnir. Biz hər şeyə hazırlaşırıq”.
“Axios”un mənbəyinin sözlərinə görə, Yaponiya da öz narahatlığı barədə Vaşinqtona xəbərdarlıq edib. Tokioda qorxurlar ki, Donald Tramp, Vladimir Putin və Si Cinpinin görüşü Amerikanın Tayvana dəstəyini sual altına ala bilər. Bəzi avropalı diplomatlar isə qarşıdan gələn sammiti artıq dünyanın təsir dairələrinə bölünməsi olan “Yalta-2” ilə müqayisə edirlər.
Bu arada, nəşrə danışan iki mənbənin məlumatına görə, ABŞ Prezidenti administrasiyasının nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Əbu-Dabidə Rusiya ilə keçiriləcək növbəti danışıqlar raundundan əvvəl Berlində Ukrayna və Avropa nümayəndələri ilə görüşməlidirlər.
Burada da artıq ziddiyyət yaranıb: Ağ Ev iddia edir ki, Vladimir Putin avropalıların Ukrayna üzrə danışıqlara buraxılmasına razılıq verib, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə belə bir razılaşmanın mövcudluğunu açıq şəkildə təkzib edir.
Məryəm





















