NATO-nun baş katibi Mark Rutte İspaniya və Portuqaliyanı Rusiyanın guya Avropa İttifaqı (Aİ) və alyans üçün yaratdığı təhlükəni lazımi səviyyədə qiymətləndirmədiklərinə görə tənqid edib.
Elchi.az xəbər verir ki, bu barədə “El Mundo” qəzeti yazıb.
Hollandiya televiziyasında çıxış edən Rutte bildirib ki, o, bəzən İspaniya və Portuqaliyadakı müttəfiqləri ilə onların mövqeyi ilə bağlı məsləhətləşir. Onun sözlərinə görə, onların cavabı belədir: “Yaxşı, bu, bir az uzaqdır. Rusiyada baş verənlər ilk növbədə Polşaya təsir edir”.
NATO-nun baş katibi cavab verib ki, ən qabaqcıl Rusiya raketlərinin Lissabona çatması Varşavaya nisbətən cəmi beş dəqiqə daha çox vaxt aparır: “Biz bu barədə sadəlövh ola bilmərik”,-deyə Rutte qeyd edib.
Portuqaliya buna sərt reaksiya verdi. Ölkə hökuməti bəyan edib ki, Rutte başa düşməlidir ki, o, Ukraynanı qətiyyətlə dəstəkləyən və Rusiyanın yaratdığı təhlükəni dərindən dərk edən ölkələrə və hökumətlərə məhəl qoymaya bilməz. Nazirlər Kabinetinin X sosial media platformasında verdiyi bəyanatda deyilir ki, NATO baş katibinin belə ciddi məsələ ilə bağlı bu qədər boş danışması təəssüf doğurur. İspaniya hələ də tənqidlərə cavab verməyib.
NATO-nun sözçüsü Allison Hart vəziyyəti şərh edərkən bildirib ki, bütün müttəfiqlər Rusiyanın təhlükə yaratdığında həmfikirdirlər. Onun sözlərinə görə, Baş katib adətən geniş ictimaiyyət üçün bu təhlükənin qaçılmaz olduğunu vurğulayır.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiyanın Avropa ilə müharibəyə hazırlaşmadığını, bunun üçün heç bir motiv və əsasın olmadığını vurğulamışdı. Dövlət başçısı əlavə edib ki, Avropa bu məqsədlə vəziyyəti qəsdən gərginləşdirir.
Yeganə





















