NASA-nın “Perseverance” marsoxodu müəyyən edib ki, Marsın Jezero kraterindəki süxurlar müxtəlif dövrlərdə dəfələrlə su ilə qarşılıqlı təsirə girib; bu prosesə isti yeraltı suların fəaliyyəti də daxil olub. Bu yeni kəşf göstərir ki, Mars keçmişdə indiki vəziyyəti ilə müqayisədə daha çox suya malik və geoloji cəhətdən daha fəal bir dünya ola bilərdi.
Elchi.az xəbər verir ki, Kraterin daxili kənarı boyunca yerləşən və “Margin Unit” (Kənar Bölmə) adlandırılan bölgə əvvəllər orbital müşahidələr vasitəsilə müəyyən edilmişdi. Alimlər ilkin olaraq marsoxodun orada çökmə süxurlarla — yəni qədim gölün sahilində toplanmış çöküntülərlə — qarşılaşacağını gözləyirdilər.
Lakin marsoxodun maqmatik süxurları (yeraltı dərinliklərdə ərimiş materialın soyuması və ya vulkanik fəaliyyət nəticəsində yaranan süxurlar) aşkar etməsi su ilə əlaqəli proseslərin mürəkkəb tarixçəsini üzə çıxardı.
Su dövranının üç fərqli mərhələsi
Marsoxodun “SuperCam” cihazı vasitəsilə aparılan təhlillər təsdiqlədi ki, həmin ərazidəki süxurlar dəfələrlə su təsirinə məruz qalıb. Birinci mərhələdə, karbon qazı ilə zəngin yeraltı suların maqmatik minerallarla reaksiyaya girməsi nəticəsində karbonat mineralları əmələ gəlib.
İkinci mərhələdə, qədim gölün təsiri altında silisiumla zəngin süxurlar yaranıb. Nəhayət, tərkibində kalsium-sulfat və flüorit olan mineral damarlar aşkar edilib ki, bu da vulkanik süxurlar arasında isti suyun dövr etdiyini göstərir.
Şayəstə





















