Cənubi Koreyalı və çinli alimlərin apardığı yeni tədqiqat, Şimali Koreyanın 2017-ci ildə həyata keçirdiyi sonuncu və ən güclü nüvə sınağından bəri Punggye-ri nüvə sınaq poliqonunda seysmik aktivliyin davamlı olaraq artdığını üzə çıxarıb.
Elchi.az xəbər verir ki, *Science* jurnalında dərc olunan tədqiqata əsasən, 2008-2025-ci illər ərzində Mantap dağı ərazisində 1399 zəlzələ qeydə alınıb. Tədqiqatçılar hesab edirlər ki, nüvə partlayışları bölgədəki qədim tektonik qırılmaları yenidən aktivləşdirmiş ola bilər.
Zəlzələlərin tezliyi və gücü zaman keçdikcə artıb
2006-2017-ci illər arasında Punggye-ri poliqonunda altı yeraltı nüvə sınağı keçirilib. 2017-ci ildəki sonuncu, 160 kilotonluq partlayış 6,3 maqnitudalı zəlzələyə və tunelin çökməsinə səbəb olub.
Keçmişdə oxşar nüvə sınaqlarından sonra seysmik aktivlik adətən tez səngisə də, alimlər illər ərzində Mantap dağı ətrafında zəlzələlərin tezliyinin və gücünün artmasından təəccübləniblər. 2013-cü ilə qədər bölgədə demək olar ki, heç bir zəlzələ qeydə alınmamışdı.
Qədim tektonik qırılmalar yenidən aktivləşib
Cənubi Koreyanın Pusan Milli Universitetindən professor Kvanq-Hi Kimin rəhbərlik etdiyi qrup müəyyən edib ki, partlayışlar Yer qabığındakı sükunətdə olan tektonik qırılmaları hərəkətə gətirib.
Həmçinin ehtimal olunur ki, dağın dik və qeyri-muntəzəm quruluşu bu prosesi sürətləndirə bilər.
Ekspertlər qeyd edirlər ki, yeraltı partlayışlar süxurlarda çatların yaranmasına səbəb ola bilər və bu çatlara sızan su zamanla təzyiqi artıraraq zəlzələləri tətikləyə bilər.
Şayəstə





















