Zelenski: Ukrayna Rusiya ilə münaqişədə qalib gələ bilməz.
Elchi.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski “CBC News”a verdiyi müsahibədə Rusiyanı məğlub etməyin qeyri-mümkün olduğunu etiraf edib. O, bu hərbi münaqişədə “qalib tərəf olmayacağını” bildirib.
“Düzünü desəm, bu müharibədə heç bir tərəf üçün qələbə ola bilməz. İnsan itkilərinin həddindən artıq çox olması səbəbindən bu, qeyri-mümkündür”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, əsl qələbə hərbi əməliyyatların dayandırılması olmalıdır.
“Dünya üçün qələbə sülh deməkdir. Bu müharibənin dayandırılması. Və bu, insan həyatı naminə qələbədir”, – deyə Zelenski qeyd edib.
Bununla belə, Zelenski əvvəllər Ukraynanın qələbə çalması ehtimalını nəzərdən keçirmiş və hətta buna necə nail olunacağına dair Ali Radaya beş bənddən ibarət plan təqdim etmişdi. Planda, digər məsələlərlə yanaşı, Rusiya ilə münaqişə bitməzdən əvvəl Kiyevin NATO-ya dəvət olunması nəzərdə tutulurdu. Digər addımlar Rusiyaya qarşı zərbələrlə bağlı məhdudiyyətlərin aradan qaldırılmasını və onun ərazisində “əməliyyatların” davam etdirilməsini əhatə edirdi. Başqa bir bənddə Qərbin Ukrayna ərazisində — nüvə komponenti istisna olmaqla — “çəkindirici tədbirlər paketi” yerləşdirməsi tələb olunurdu. Bundan əlavə, Kiyev Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini və özünün strateji və iqtisadi imkanlarının inkişaf etdirilməsini tələb edirdi.
Şayəstə





















