21–23 avqust tarixlərində Moskvada, “Zaryadye” parkının Böyük Amfiteatrında IV Dünya Gənclər Orkestrları Festivalı keçirilib.
Tədbirin kulminasiya nöqtəsi festivalın bədii rəhbəri, violist, dirijor, SSRİ Xalq artisti Yuri Başmetin rəhbərliyi ilə keçirilən Ümumdünya Gənclər Simfonik Orkestrinin xüsusi konserti olub. Konsert proqramında klassik musiqinin müxtəlif istiqamət və dövrlərini təmsil edən dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib.
Bir səhnədə dünyanın 20-dən çox ölkəsindən olan gənc musiqiçilər, o cümlədən Azərbaycan nümayəndələri çıxış ediblər. Bu il Ümumdünya Gənclər Simfonik Orkestrinin heyətində keçirilən musiqi gecəsində Bakıdan olan istedadlı violistlər – həmyerlimiz Şəms Əlili və Nərmin Abilova da iştirak ediblər.
Şəms Əlili və Nərmin Abilova Bakı Musiqi Akademiyasının tələbələridir. Onlardan Şəms bakalavr, Nərmin isə magistratura proqramı üzrə təhsil alır. Hər iki musiqiçi respublika və beynəlxalq musiqi müsabiqələrinin laureatıdır.
Şəms Əlili Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi artisti, Nərmin Abilova isə Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində fəaliyyət göstərən Bakı Dövlət Kamera Orkestrinin violistidir.
Qeyd edək ki, Dünya Gənclər Orkestrları Festivalı Rusiya paytaxtında 2023-cü ildən keçirilir. Festivalın təşəbbüskarları maestro Yuri Başmet və Ümumrusiya Gənclər Simfonik Orkestridir. Tədbir Moskva meriyasının və Moskva Mədəniyyət Departamentinin dəstəyi ilə təşkil olunur.

Havar Şəfiyeva





















