Azərbaycan Ordusunun kapitanı, Vətən müharibəsi iştirakçısı Zahir Zakiroviç Fətəliyevin vəfatından bir il ötür.
1985-ci ildə Zığ qəsəbəsində anadan olan Zahir Fətəliyev həyatını hərbi xidmətə həsr etmişdi. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirdikdən sonra xidmətə başlayan mayor 14 il Naxçıvan Muxtar Respublikasında xidmət edib. Ümumilikdə 20 ildən artıq hərbi xidmət keçib.
2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində də Zahir Fətəliyev ən ağır və gərgin döyüşlərdə iştirak edib. Suqovuşan istiqamətində gedən döyüşlər zamanı ağır xəsarətlər alıb. Müharibədən sonra uzun müddət müalicə olunub. Lakin aldığı yaraların yaratdığı ağır fəsadlar onun səhhətinə ciddi təsir göstərib.
Müharibədən bir neçə ay sonra ordudan tərxis olunaraq təqaüdə çıxan mayor son günlərində yenidən səhhətində ciddi pisləşmə yaşayıb. Ailəsinin bildirdiyinə görə, uzun müddət müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Zahir Fətəliyev iki məktəbli oğul atası idi.
Ən böyük təsəllisi isə onun övladlarının atasının adına layiq bir şəkildə yetişdirilməsidir.
İki bacının bir qardaşı olan Zahir Fətəliyev doğulduğu Zığ qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.
Bu gün onun vəfatından bir il keçir. Aradan zaman keçsə də, Vətən müharibəsinin ağır sınaqlarından keçmiş, yaralanaraq uzun müddət mübarizə aparmış mayor Zahir Fətəliyevin xatirəsi ailəsi, yaxınları və onu tanıyanlar üçün yaşayır.
Onun ömrü hərbi xidmətə, Vətənə sədaqətə və döyüş yoldaşlarına bağlılıq nümunəsi kimi yadda qalıb.
Zahir Fətəliyev Vətən müharibəsinin ağır sınaqlarından keçən və həyatının sonuna qədər aldığı xəsarətlərin izlərini daşıyan hərbçilərimizdən biri kimi xatırlanacaq.





















