İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla açıq qarşıdurma yoluna keçməyi nəzərdən keçirir.
Elchi.az xəbər verir ki, bu barədə “Al-Monitor” nəşri İsrail baş nazirinin yaxın ətrafındakı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, mümkün fikir ayrılığı Qəzza zolağı və Livandakı hərbi mövcudluqla bağlı anlaşılmazlıqlardan qaynaqlanır. Qeyd olunur ki, Tramp İsrailin maraqlarını çox da nəzərə almayan ultimatumlar verməyə başlayıb və son aylarda iki lider arasındakı şəxsi münasibətlər əhəmiyyətli dərəcədə pisləşib.
Mənbələrdən biri qeyd edib:
“Netanyahu yol ayrıcındadır. O, Qəzza və Livan məsələləri ilə bağlı ABŞ administrasiyası ilə birbaşa qarşıdurmaya girib-girməməyi ölçüb-biçir. O, bunun nəticələrini bilir, lakin mövcud vəziyyət də bundan yaxşı deyil”.
Mənbələrin sözlərinə görə, təhlükəsizlik maraqlarını qorumaq naminə Vaşinqtona qarşı sərt mövqe tutmaq, İsraildə keçiriləcək parlament seçkiləri ərəfəsində “Likud” partiyasının mövqeyini gücləndirə bilər. Digər bir mənbə əlavə edib:
“Bir çoxları hesab edir ki, Netanyahu belə bir qənaətə gəlməyə meyllidir: seçkidən əvvəl Trampla qarşıdurmaya girmək, prezidentlə yaxın dostluqla — artıq mövcud olmayan bir dostluqla — öyünməkdən daha faydalı olardı”.
İsrail Baş nazirinin Trampın kürəkəni Cared Kuşnerlə son görüşü kompromislə nəticələndi: Netanyahu Həmas-ın tərk-silah edilməsi prosesi başlamayana qədər Qəzzadan qoşunların çıxarıla bilməyəcəyi mövqeyində qətiyyətli qaldı. Mənbələrdən biri vəziyyəti belə izah etdi: “Tramp ABŞ-da keçiriləcək aralıq seçkilər ərəfəsində İsrail ilə Həmas arasındakı münaqişəyə son qoymaqla əldə etdiyi uğuru qorumalıdır. Netanyahu isə Knesset seçkilərindən əvvəl qoşunların çıxarılması üçün Həmas-ın tərk-silah edilməsini şərt kimi irəli sürür”.
Yeganə





















