İyulun 13-də Milli Məclisin sədri Sahibə Qafarova ilə Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq arasında videokonfrans formatında görüş keçirilib.
Bu barədə Elchi.az – a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, eləcə də Azərbaycan Milli Məclisi ilə Pan-Afrika Parlamenti arasında əlaqələrin inkişafı məsələləri nəzərdən keçirilib. Söhbət zamanı bu cür təmasların parlament diplomatiyasının möhkəmləndirilməsinə və tərəflər arasında əməkdaşlığın daha da inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
S.Qafarova Pan-Afrika Parlamentinin fəaliyyətinə toxunaraq, Azərbaycan Parlamentinin bu təşkilatla münasibətləri daha da inkişaf etdirmək niyyətini ifadə edib. Görüşdə, həmçinin, Pan-Afrika Parlamenti ilə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.





















