Vaşinqton administrasiyası Venesuelaya yardımları və axtarış-xilasetmə qruplarını hərbi-hava nəqliyyatı vasitəsilə çatdırmaq niyyətindədir və buna görə Pentaqon məsuliyyət daşıyacaq.
Elchi.az xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın dövlət katibi Marko Rubio bəyan edib.
“Mən artıq ABŞ-ın müdafiə naziri Pit Heqsetlə danışmışam. Logistikanın təmin edilməsində Müdafiə Nazirliyi böyük rol oynamalı olacaq. Onun çətin şəraitdə enişi təmin etmək üçün vasitələri var”, — deyə o, Bəhreyndə Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasından olan həmkarları ilə görüşünün yekunlarına dair bildirib. Dövlət katibi Venesuelaya axtarış-xilasetmə qruplarının göndərilməsini nəzərdə tutaraq əlavə edib: “Oraya qüvvə və vasitələrin göndərilməsində Müdafiə Nazirliyinə güvənəcəyik”.
“Karakasdakı hava limanı ciddi zərər görüb. Uçuş-enmə zolaqlarının birində çat var, lakin Müdafiə Nazirliyi belə şəraitdə enişi həyata keçirə bilər. Bu, bizə lazım olacaq”, — deyə o əlavə edib. Rubionun sözlərinə görə, Venesuelaya yardımın göstərilməsinin əlaqələndirilməsində “bütün ABŞ hökuməti” iştirak edəcək.
Dövlət katibi qeyd edib ki, “bu gün səhər tezdən” Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriqes ilə telefon danışığı aparıb. “Biz artıq Virciniya ştatının Ferfaks şəhərindən və Los-Ancelesdən axtarış-xilasetmə briqadaları göndəririk. Digərləri də olacaq”, — deyə o dəqiqləşdirib.
Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyəlik fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan qeydə alınıb. Onların episentrləri Yarakuy ştatında, bir-birindən 10 km məsafədə yerləşib. Zəlzələdən sonra 30-a yaxın afterşok qeydə alınıb. Rodriqesin sözlərinə görə, 164 nəfər həlak olub, 971 nəfər yaralanıb. Onlarla bina dağılıb. Venesuela hakimiyyəti ölkədə fövqəladə vəziyyət rejimi elan edib. Hökumət sahilyanı La-Quayra ştatını fəlakət zonası elan edib.
Məryəm





















