"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Zahid Oruc: “Gələcəyin zənginlik və kasıblıq bölgüsündə meyarlar dəyişir”

18 İyun 2026 - 19:44
in SİYASƏT
FacebookVatsap

Bəşəriyyət tarixində hər böyük texnoloji sıçrayış – çap maşınlarından buxar mühərriklərinə, elektrik enejisindən nüvə silahına qədər – eyni paradoksu yenidən gündəmə gətirir: insanın yaratdığı texnologiya onun üzərində hökmran qüvvəyə çevrilə bilərmi? Süni intellekt əvvəlki texnoloji inqilablardan fərqli olaraq zəkanı, dili və  qərarları tamamilə əvəz etmək iddiasındadır. O artıq şəxsi həyatımıza əbədi daxil olub – dövlət idarəçiliyində, iqtisadiyyatda, təhsildə, səhiyyədə, müdafiədə, mediada və gündəlik münasibətlərdə iştirak edir.

Bunu da oxuyun

Qlobal təşəbbüslər Bakıda birləşir

Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub

İsveç səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Əsas sual budur: süni intellekt insana xidmət edəcək, yoxsa insan alqoritmlərlə idarə olunan sistemin obyektinə çevriləcək?

XX əsrdə insanın imzasını saxtalaşdırmaq, şəxsiyyətini oğurlamaq və fərdi həyatına qanunsuz müdaxilə etmək ağır hüquq pozuntusu sayılırdı. XXI əsrdə isə insanın yalnız imzasını deyil, üzünü, səsini, davranışlarını, düşüncə tərzini, hətta heç vaxt demədiyi sözləri də rəqəmsal vasitələrlə yaratmaq və milyonlarla insana həqiqət kimi təqdim etmək mümkündür. Biz hesab edirik ki, texnologiya insan hüquqlarının rəqibi yox, onların müdafiə vasitəsinə çevrilməlidir.

II. Azərbaycanın yeni inkişaf prioriteti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin yeni inkişaf mərhələsinin əsas istiqamətlərindən birini məhz süni intellektlə əlaqələndirərək bildirib: “Biz hər zaman əsas aparıcı xəttin arxasınca gedirik və geri qalmamalıyıq”. 2026-cı il fevralın 27-də Prezident İlham Əliyevin Fərmanı ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması suverenlik siyasətini yeni institusional mərhələyə qaldırdı. Rəqəmsal İnkişaf Konsepsiyası və 2025–2028 AI Strategiyasının qəbul olunması, TEXNOFEST çərçivəsində əldə edilən texnoloji hərbi təcrübə isə xalqımızın iradəsini döyüş meydanlarında ortaya qoydu. Milli Süni İntellekt Mərkəzinin və Süni İntellekt Akademiyasının yaradılması Azərbaycanın texnologiyanı idxalla yanaşı,  milli bilik, milli kadr və milli həllər yaradan dövlətə çevrilmək iradəsinin ifadəsidir. Hədəf aydındır: istehlakçılıqla bərabər, regional rəqəmsal oyunçu olmaq gərəkdir.

Azərbaycan texnoloji üstünlüyün dövlətlərin taleyinə necə təsir etdiyini 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbə ilə öz tarixindən öyrənib.

III. Deepfake və rəqəmsal şəxsiyyətin toxunulmazlığı

Süni intellektin insan hüquqları üçün yaratdığı ən ciddi təhdidlərdən biri deepfake texnologiyalarıdır. Artıq bir insanı heç vaxt demədiyi sözləri deyən formada göstərmək üçün böyük texnoloji laboratoriyalara ehtiyac yoxdur – bəzən bir neçə fotoşəkil və qısa səs nümunəsi kifayət edir. 2019–2025-ci illər ərzində deepfake məzmununun həcmi 900 faizdən çox artıb; qurbanların 79 faizini qadınlar təşkil edir. Qadınlar və uşaqlar razılıqları olmadan hazırlanan qeyri-əxlaqi xarakterli saxta materialların, jurnalistlər və siyasətçilər isə dezinformasiya məqsədli rəqəmsal saxtakarlıqların əsas hədəfləridir.

Stanford Universitetinin 2026-cı il Süni İntellekt İndeksinə görə, 2025-ci ildə süni intellektlə bağlı sənədləşdirilmiş insidentlərin sayı bir il ərzində təxminən 55 faiz artım baş verib.

Rəqəmsal kimlik XXI əsrin əsas insan hüquqları məsələlərindən birinə çevrilir: müasir hüquqlar sisteminə insanın rəqəmsal şəxsiyyətinin toxunulmazlığı prinsipi daxil edilməlidir.

IV. Hibrid informasiya savaşı

Süni intellekt əsaslı saxtakarlıq dövlətlərə, seçki sistemlərinə və beynəlxalq münasibətlərə qarşı hibrid müharibə vasitəsinə çevrilir. Saxta material bir ölkədə hazırlanır, başqa ölkədə yerləşən platformada paylaşılır, üçüncü ölkəyə qarşı istifadə olunur və saniyələr içində bütün dünyaya yayılır. Cinayət transmilli xarakter daşıyırsa, ona qarşı mübarizə də beynəlxalq olmalıdır: rəqəmsal sübutların operativ mübadiləsi, platformaların cavabdehliyi və zərərçəkmiş şəxslərin müdafiəsi üçün dövlətlərarası mexanizmlərə ehtiyac var. Hazırda Fransa məhkəməsi Yeliseydə yazılan siyasi mətnləri hökmlərə çevirib süni intellektlə gücləndirərək müxtəlif qitələrdə ölkəmizə qarşı hibrid hücum kampaniyası aparır.

V. Azərbaycanın yeni qanunvericilik modeli

2026-cı ilin mayında qüvvəyə minən dəyişikliklərlə Cinayət Məcəlləsinə yeni 148-2-ci və 242-1-ci maddələr əlavə olunub. Şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt vasitəsilə reallığı əks etdirməyən materialların hazırlanması və yayılmasına görə cinayət məsuliyyəti müəyyənləşdirilib. Əsas məqsəd razılıqsız saxtakarlığı məhdudlaşdırmaqdır: innovasiya azadlığı qorunur, amma insan müdafiəsiz qalmır.

VI. Fərdi məlumatlar və cinayətin rəqəmsal sənayeləşməsi

Süni intellekt müxtəlif məlumat bazalarını birləşdirərək insanın siyasi baxışlarını, sağlamlıq vəziyyətini, emosional zəifliyini və hətta gələcək seçimlərini proqnozlaşdıra bilir. İnsan özü haqqında alqoritmin məlumatlarını bilmir. Hər bir şəxs onun haqqında toplanan informasiya bankının hansı məqsədlə emal edildiyini, kimə ötürüldüyünü bilməlidir. Məlumatının silinməsini tələb etmək, razılığını geri götürmək və alqoritmik qərara etiraz etmək hüququna malik olmalıdır.

Süni intellekt cinayətin maya dəyərini aşağı salıb, miqyasını böyüdüb. Cinayətkar qruplar süni intellekt vasitəsilə minlərlə insanla eyni vaxtda əlaqə yarada, ailə üzvlərinin səslərini klonlaşdıra, avtomatlaşdırılmış fişinq kampaniyaları həyata keçirə bilirlər. INTERPOL-un 2026-cı il qiymətləndirməsinə görə, süni intellektlə gücləndirilmiş dələduzluq ənənəvi üsullardan 4,5 dəfə daha gəlirli ola bilər. Beynəlxalq bildirişlərin sayı isə bir il ərzində 54 faiz artıb.

VII. Terror şəbəkələri və yeni sosial təbəqələşmə

Terror təşkilatları da süni intellektin imkanlarından istifadə edə bilirlər: radikal mesajların konkret insanın psixoloji xüsusiyyətlərinə uyğunlaşdırılması, saxta fövqəladə vəziyyət görüntülərinin yaradılması daha az xərc tələb edir. Lakin digər tərəfdən, terrorizmlə mübarizə adı altında tətbiq edilən alqoritmik müşahidə sistemləri günahsız insanları yanlış risk qruplarına daxil edə bilər. Deməli, əsas vəzifə insanı həm terrorçunun süni intellektindən, həm də qərəzli qərar verən təhlükəsizlik alqoritmindən qorumaqdır.

Stanford Universitetinin 2026-cı il hesabatına görə, 2025-ci ildə özəl süni intellekt investisiyaları 127,5 faiz artaraq 344,7 milyard dollara çatıb. Lakin imkanlar bərabər bölüşdürülmür: böyük şirkətlərin 52 faizi süni intellektdən istifadə etdiyi halda, kiçik şirkətlər arasında müvafiq göstərici 17,4 faizdir. Beynəlxalq Əmək Təşkilatının araşdırmasına görə, dünyada hər dörd işçidən biri generativ süni intellektin müəyyən təsirinə məruz qala biləcək peşədə çalışır. Gələcəyin zənginlik və kasıblıq  bölgüsündə əsas göstərici “kimin nə qədər gəliri var?” sualı ilə yanaşı, “kimin hesablama gücünə və süni intellekt vasitələrinə çıxışı var?” sualı yeni sosial təbəqələşmə meyarı olacaq.

VIII. Doha Bəyannaməsi və rəqəmsal uçurumun insan hüquqları ölçüsü

2025-ci ildə Dohada qəbul edilən Beynəlxalq Bəyannamə süni intellektin qeyri-etik istifadəsi qərəzi kəskinləşdirə, rəqəmsal uçurumu dərinləşdirə və şəxsi həyat hüququnu poza biləcəyini vurğulayır. Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatına görə, dünyada 6 milyard internet istifadəçisi olduğu halda 2,2 milyard insan hələ də internet şəbəkələrindən kənarda qalır; yüksək gəlirli ölkələrdə 5G-nin əhatəsi 84 faiz, aşağı gəlirli ölkələrdə isə cəmi 4 faizdir. Dünya Bankının hesabatına görə, yüksək gəlirli ölkələr qlobal data mərkəzi imkanlarının 77 faizinə malikdir, aşağı gəlirli ölkələrin payı isə 0,1 faizdən də azdır. Məsələ təkcə internetlə bağlı yox, cihaz, sürət, data, hesablama gücü və bacarıqdadır; internetin mövcudluğu real çıxış demək deyil – o, əlçatan və sərfəli olmalıdır.

Rəqəmsal uçurum yalnız texnoloji geriliklə ölçülmür – o, təhsil, əmək, səhiyyə, məlumat almaq və dövlət idarəçiliyində iştirak hüquqları arasındakı uçurumdur. Ona görə Azərbaycan xarici texnologiyaları almaqla bərabər, milli dildə böyük modellərinin və regional rəqəmsal platformaların yaradıcısı olması vacibdir.

IX. Dil və mədəniyyət uçurumu

Qabaqcıl süni intellekt modellərinin ingilis dili və bir neçə əsas dünya dilində daha geniş məlumat bazasına malik olması kiçik xalqların dilləri haqqında daha az məlumatlı və daha yanlış nəticələr verilməsinə gətirib çıxarır. Kiçik dillər və yerli biliklər Sİ modellərində zəif təmsil olunduqda qərəz artır.

Azərbaycan dilində keyfiyyətli süni intellekt həlləri milli kimliyin rəqəmsal müdafiəsidir. Yaşlılar, kənd əhalisi və əlilliyi olan şəxslər rəqəmsallaşmadan kənarda qalmamalıdır. Milli dillərin süni intellekt sistemlərində zəif təmsil olunması mədəni hüquqların, dil müxtəlifliyinin və milli kimliyin rəqəmsal məkanda qorunması məsələsidir.

X. Sosial münasibətlərin alqoritmik şəkildə kəskinləşdirilməsi

Dünya İqtisadi Forumunun “Qlobal Risklər Hesabatı–2026” sənədində yanlış məlumat ikinci, ictimai qütbləşmə isə üçüncü ən ciddi qısamüddətli qlobal risk kimi qiymətləndirilir.

Süni intellekt narazı qrupların təşkilatlanma xərcini azaldır, eyni mesajın milyonlarla versiyasını hazırlayır, real etirazı saxta görüntülərlə daha böyük göstərə bilir. Alqoritmlər qorxu və qəzəb doğuran məlumatları daha geniş auditoriyaya çıxarır – çünki emosional məzmun daha çox maddi gəlir gətirir. Beləliklə, ayrı-ayrı insanın qəzəbi ümummilli qarşıdurma görüntüsünə, lokal hadisə dövlət böhranına çevrilə bilər. Süni intellekt həm etirazın, həm də nəzarətin alətidir.

XI. Əqli mülkiyyət və intellektual ədalət

Süni intellekt sistemləri bəşəriyyətin yüzillər boyu yaratdığı əsərlər – kitablar, foto, musiqi, jurnalistika materialları əsasında öyrədilir, lakin müəllif çox vaxt buna razılıq vermir, adı göstərilmir və yaradılan iqtisadi dəyərdən pay almır. Müəlliflik hüququ intellektual ədalət məsələsidir. Müəllifin razılığı, mənbələrin şəffaflığı, lisenziyalaşdırma və ədalətli kompensasiya mexanizmləri təmin olunmalıdır. 

XII. Təbii intellektin kölgədə qalması

Microsoft Research və Karnegi Mellon Universitetinin araşdırmasında müşahidə edilib ki, istifadəçinin süni intellektə inamı artdıqca onun tənqidi düşüncə səviyyəsi azalır. UNESCO-nun 2025-ci il sorğusunda ali təhsil nümayəndələrinin 90 faizi peşə fəaliyyətində süni intellektdən istifadə etdiyini bildirib. Süni intellekt fərdin əvəzinə deyil, insanın daha yaxşı düşünməsinə kömək etməlidir. Təhsildə əsas məqsəd hazır cavabın əldə etməklə yox, həmin cavaba hansı düşüncə yolu ilə gəlindiyinin öyrədilməsi olmalıdır.

XIII. Saxta bilik və alqoritmik üstünlük görüntüsü

Mövzunu dərindən bilməyən insan süni intellekt vasitəsilə yüksək səviyyəli elmi məqalə və ya hüquqi rəy hazırlaya bilər. Nəticədə real biliklə alqoritmik şəkildə yaradılmış peşəkarlıq görüntüsünü ayırmaq çətinləşir. OECD-nin məlumatına görə, süni intellekt üzrə xüsusi təlim ali təhsillilərin 36 faizinə, orta təhsillilərin isə yalnız 18 faizinə çatıb – aşkar fərq mövcud iqtisadi üstünlüklərin texnologiya vasitəsilə daha da güclənəcəyini göstərir. Gələcəyin qiymətləndirmə sistemi yalnız yekun məhsulu deyil, insanın düşüncə prosesini, şifahi müdafiə qabiliyyətini və süni intellektdən hansı formada istifadə etdiyini də qiymətləndirməlidir.

XIV. Dünyagörüşünün alqoritmik çərçivəyə salınması

Rəqəmsal sistemlər insana əvvəlki baxışlarını təsdiqləyən məlumatlar təqdim edərək onun dünyanı alqoritmin seçdiyi formada görməsinə səbəb olur. Filtrlər alternativ mövqeləri görünməz edə bilər; insan yalnız öz baxışlarını təsdiqləyən məzmunla qarşılaşdıqda müstəqil nəticəyə gəlmək imkanını itirər. OECD-nin məlumatına görə, 2025-ci ildə üzv ölkələrdə insanların üçdə birindən çoxu generativ vasitələrdən istifadə edib, tələbələr arasında həmin göstərici 75 faizə çatıb. Gələcəyin insan hüquqları sistemində söz azadlığı ilə yanaşı, düşüncənin alqoritmik manipulyasiyadan qorunmasını da daxil etməliyik.

XV. Süni intellekt və yeni nəsil insan hüquqları

Hesab edirik ki, süni intellekt dövründə insan hüquqlarının qorunması yeddi əsas prinsip üzərində qurulmalıdır: insanın məlumatlandırılmış razılığının təmin edilməsi; süni intellektlə yaradılan məzmunun aydın nişanlanması; alqoritmik qərara etiraz imkanı; yüksək riskli sahələrdə yekun qərarın insan nəzarəti olmadan verilməməsi; ayrı-seçkiliyin qarşısının alınması; uşaqların daha yüksək müdafiə standartları ilə qorunması; süni intellekt sistemlərinin müstəqil auditə tabe olması. “Alqoritm belə qərar verdi” ifadəsi hüquqi məsuliyyətdən yayınma bəhanəsi olmamalıdır.

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilərin beynəlxalq platformasında mühüm təşəbbüsləri irəli sürür:

•Beynəlxalq Deepfake Konvensiyasının hazırlanması vacibdir; 

•Süni intellekt məhsullarının mənbəyini göstərən universal nişanlanma standartının qəbul edilməsi faydalıdır, 

•Transsərhəd deepfake cinayətlərinə qarşı elektron sübut mübadiləsini tənzimləyən beynəlxalq protokolun qəbulu, saxta materialların operativ silinməsi hüququnun beynəlxalq səviyyədə müəyyənləşdirilməsi vacibdir, 

•Seçkilər və fövqəladə hallar zamanı dövlətlər, media və texnologiya şirkətləri arasında sürətli xəbərdarlıq mexanizminin yaradılmasına ehtiyac var,  

•Milli qanunvericilikdə ayrıca Süni İntellekt Məcəlləsinin hazırlanması məqsədəuyğundur, 

•Regionumuzda Süni İntellekt və İnsan Hüquqları üzrə beynəlxalq tədqiqat mərkəzlərinin yaradılması siyasi suverenlikdən rəqəmsal ədalətə keçməyə imkan verəcəkdir.

Azərbaycan 44 gündə torpaqları üzərində bütövlüyünü və təhlükəsizliyini bərpa etdi. İndi rəqəmsal məkanda suverenlik uğrunda yeni bir səhifə yazılır.

Elektron səngərlər görünməzdir, silahlar rəqəmsaldır, lakin müdafiə etdiyimiz dəyərlər eynidir: insanların azad, millətlərin müstəqil və dövlətlərin suveren yaşamaq hüququ təmin olunmalıdır.

Texnologiya nə qədər qüdrətli olsa da, onun ali məqsədi insan olmalıdır.

Süni intellekt erasında ən ümdə vəzifə təbii insan olmaqdır!

Zahid Oruc,

Milli Məclisin Komitə sədri

Previous Post

Polis 3 kiloqramdan çox narkotik aşkarladı

Next Post

Qlobal təşəbbüslər Bakıda birləşir

Bənzər yazılar

Qlobal təşəbbüslər Bakıda birləşir

Qlobal təşəbbüslər Bakıda birləşir

18 İyun 2026 - 19:47

Azərbaycan artıq qlobal miqyasda nüfuzlu və beynəlxalq təşəbbüslərin mərkəzinə çevrilmiş ölkələrdən biridir. Ümumdünya Şəhərsalma Forumundan sonra İslam İnkişaf Bankı Qrupunun...

Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub

Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub

18 İyun 2026 - 18:58

18 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rumıniya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Marius-Qabriel Lazurka ilə görüşüb....

İsveç səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

İsveç səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

18 İyun 2026 - 18:17

18 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının Azərbaycan Respublikasındakı səfiri Tobias Lorentzsonu ölkəmizdə diplomatik fəaliyyətinin...

Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

18 İyun 2026 - 17:34

İyunun 22-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası öz işinə başlayacaq. Milli Məclisin Mətbuat...

Next Post
Qlobal təşəbbüslər Bakıda birləşir

Qlobal təşəbbüslər Bakıda birləşir

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Qlobal təşəbbüslər Bakıda birləşir

Qlobal təşəbbüslər Bakıda birləşir

18 İyun 2026 - 19:47
Zahid Oruc: “Gələcəyin zənginlik və kasıblıq bölgüsündə meyarlar dəyişir”

Zahid Oruc: “Gələcəyin zənginlik və kasıblıq bölgüsündə meyarlar dəyişir”

18 İyun 2026 - 19:44
Polis 3 kiloqramdan çox narkotik aşkarladı

Polis 3 kiloqramdan çox narkotik aşkarladı

18 İyun 2026 - 19:25
DÇ-26: İsveçrə qələbə axtarışında

DÇ-26: İsveçrə qələbə axtarışında

18 İyun 2026 - 19:15
Kuyt “Fənərbağça”ya qayıdır

Kuyt “Fənərbağça”ya qayıdır

18 İyun 2026 - 19:06
Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub

Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub

18 İyun 2026 - 18:58
Zaxarova Aİ-yə giriş qadağası təklifini “paranoyak təşəbbüs” adlandırdı

Zaxarova Aİ-yə giriş qadağası təklifini “paranoyak təşəbbüs” adlandırdı

18 İyun 2026 - 18:48
Putin Vyetnamı Rusiyanın etibarlı tərəfdaşı və müttəfiqi adlandırdı

Putin Vyetnamı Rusiyanın etibarlı tərəfdaşı və müttəfiqi adlandırdı

18 İyun 2026 - 18:36
Lavrov: Kiyevin hərəkətlərinə cavab olaraq təkcə sözlər kifayət deyil

Lavrov: Kiyevin hərəkətlərinə cavab olaraq təkcə sözlər kifayət deyil

18 İyun 2026 - 18:29
İsveç səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

İsveç səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

18 İyun 2026 - 18:17
Sertifikasiya üzrə test imtahanının ikinci günündə 3 mindən çox müəllim iştirak edib

Sertifikasiya üzrə test imtahanının ikinci günündə 3 mindən çox müəllim iştirak edib

18 İyun 2026 - 18:09
Filippində baş verən 7,8 bal gücündə zəlzələdən sonra ölənlərin sayı 78-ə çatıb

Filippində baş verən 7,8 bal gücündə zəlzələdən sonra ölənlərin sayı 78-ə çatıb

18 İyun 2026 - 17:57
“Apple”dan yeni qiymət artımı: Baş direktor səbəbini açıqlayır

“Apple”dan yeni qiymət artımı: Baş direktor səbəbini açıqlayır

18 İyun 2026 - 17:45
Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

18 İyun 2026 - 17:34
ABŞ Müdafiə Naziri: İranla etibar münasibəti yoxdur, hər addım icradan asılıdır

ABŞ Müdafiə Naziri: İranla etibar münasibəti yoxdur, hər addım icradan asılıdır

18 İyun 2026 - 17:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.