“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin əsas və digər icraçıları olan orqanların nümayəndələrindən ibarət İşçi qrupun videokonfrans formatında növbəti iclası keçirilib.
Bu barədə Elchi.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
İclasda işçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər həyata keçirilən ardıcıl sosial islahatların həssas qruplarla bağlı sosial xidmətlər sistemini də əhatə etdiyini bildirib. Qeyd edilib ki, dövlətimizin başçısının 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” da sosial xidmətlər sisteminin inkişafı, kəmiyyət və keyfiyyətinin artırılması, əhatə dairəsinin genişləndirilməsi istiqamətlərində mühüm addımların atılmasına imkan verib.
İclasda Proqramın icrası işləri, o cümlədən əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığının, bu xidmətlərin çevikliyinin və keyfiyyətinin artırılması, reinteqrasiya, “Himayədar ailə” qayğı modelinin tətbiqi və s. sahələrdə görülən işlərdən bəhs olunub. Aidiyyəti qurumlarla birgə bu sahələrdə qarşılıqlı fəaliyyətin önəmi vurğulanıb. İcra prosesində qarşıya çıxan məsələlər müzakirə edilib.
Qeyd edək ki, İşçi qrupa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Mediasiya Şurası və s. qurumların nümayəndələri daxildir.





















