İranın Fars körfəzindəki əsas neft terminalı olan Xark adasının 28 fevralda ABŞ-İsrail hücumları ilə başlayan müharibə zamanı 548 dəfə hədəfə alındığı bildirilib.
Elchi.az xəbər verir ki, İranın “Şərq” qəzetində yer alan xəbərə görə, Xark adasının qubernatoru Negahdar Hüseynpur, prezident Məsud Pezeşkian və daxili işlər naziri İsgəndər Mömininin qatıldığı konfransda verdiyi açıqlamada, adanın müharibə zamanı xüsusilə hədəfə alındığını, çünki əsas neft terminalı olduğunu bildirib.
Hücumlarla bağlı məlumatları paylaşan Hüseynpur deyib: “Üçüncü Məcburi Müharibə zamanı Xark adasına 548-dən çox raket atılıb və ən şiddətli hücumlardan birində, 17 martda adaya 50 dəfə zərbə endirilib”. ABŞ tərəfindən adanın materiklə əlaqəsini kəsmək cəhdi ilə altı sərnişin gəmisinin də hədəfə alındığı barədə məlumat paylaşan Hüseynpur bildirib ki, dövlətə məxsus qayıqların və balıqçı gəmilərinin müdaxiləsi sayəsində ada sakinlərinin və işçilərinin adaya və adadan hərəkəti kəsilməyib və materiklə əlaqə kəsilməyib. Hüseynpur qeyd edib ki, müharibə dövründə belə, hücumlara baxmayaraq, ölkənin neft ixracının 90 faizindən çoxu Xark adasından həyata keçirilib. İran materikindən təxminən 30 kilometr və Buşəhr limanından təxminən 55 kilometr məsafədə yerləşən Xark adası ölkənin əsas neft ixrac terminalı kimi tanınır.
ABŞ prezidenti Donald Trampın tez-tez ələ keçirmək istədiyini bildirdiyi ada müharibə zamanı ABŞ tərəfindən dəfələrlə hədəfə alınıb.
Şayəstə





















