Polşanın şərqindəki Lyublin voyevodalığında yanğınsöndürən təyyarə qəzaya uğrayıb, hava gəmisinin pilotu həlak olub.
Elchi.az xəbər verir ki, bu barədə yerli polisə istinadən RİA Novosti məlumat yayıb.
Məlumata görə, təyyarə qəzası Bilqoray şəhəri yaxınlığındakı Osuxı kəndində baş verib. Qəzaya uğrayan “Dromader” tipli təyyarə irimiqyaslı meşə yanğınının söndürülməsində iştirak edirmiş.
Polisin ilkin məlumatlarına əsasən, faciə əlverişsiz hava şəraiti səbəbindən baş verib. Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.
Agentlik xəbər verir ki, Lyublin voyevodalığındakı yanğın artıq 250 hektardan çox əraziyə yayılıb. Alovun söndürülməsinə xilasedicilər, hərbçilər və xilasedici aviasiya cəlb olunub.
Məryəm





















