ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazındakı İran dəniz minalarını aşkar etmək və onların zərərsizləşdirilməsi əməliyyatlarını sürətləndirmək üçün süni intellekt imkanlarını genişləndirir.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
San-Fransiskoda yerləşən və süni intellekt sahəsində ixtisaslaşan Domino Data Lab şirkəti ilə imzalanan 100 milyon dollarlıq müqavilə bu prosesi xeyli sürətləndirə bilər. Şirkətin proqram təminatı sualtı dronlara yeni tip minaları cəmi bir neçə gün ərzində tanımağı öyrətmək qabiliyyətinə malikdir.
“Əvvəllər minaların axtarışı ilə gəmilər məşğul olurdu”, — deyə “Domino” şirkətinin əməliyyat direktoru Tomas Robinson Reuters-ə müsahibəsində bildirib. — “İndi isə bu, süni intellektin vəzifəsidir. Donanma elə bir platforma üçün ödəniş edir ki, o, dünya ticarətinə mane olan və dənizçiləri təhlükəyə atan mübahisəli sularda süni intellekti lazımi sürətlə öyrətməyə, idarə etməyə və tətbiq etməyə imkan verir”.
Ötən həftə ABŞ HDQ “Domino” platformasının rolunu genişləndirmək məqsədilə 99,7 milyon dollar dəyərində müqavilə bağlayıb. Bu platforma HDQ-nin AMMO (Accelerated Machine Learning for Maritime Operations — Dəniz Əməliyyatları üçün Sürətləndirilmiş Maşın Öyrənməsi) layihəsinin “süni intellekt magistralı” funksiyasını yerinə yetirəcək. Sözügedən proqram sualtı minaların aşkarlanması prosesini daha sürətli, dəqiq və dənizçilərin iştirakından daha az asılı vəziyyətə gətirməyi hədəfləyir.
Məryəm





















