Pakistanın xarici işlər naziri İshaq Dar Rusiya Federasiyasının xarici işlər naziri (Rusiya XİN) Sergey Lavrovla telefon danışığı aparıb.
Elchi.az xəbər verir ki, bu barədə Pakistan xarici siyasət idarəsinin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Məlumatda qeyd olunur ki, tərəflər Baş nazir Şahbaz Şərifin Rusiyaya səfər tarixlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Xarici işlər nazirləri, həmçinin beynəlxalq təhlükəsizlik maraqları naminə ikitərəfli münasibətlər və çoxtərəfli platformalarda əməkdaşlıq barədə danışıblar.
“Lavrov Pakistanın İran və Amerika Birləşmiş Ştatları arasında dialoqun asanlaşdırılmasındakı konstruktiv rolunu yüksək qiymətləndirib”, — deyə Pakistan XİN-in bəyanatında bildirilir.
İshaq Dar öz növbəsində İslamabadın bütün məsələlərin həlli üçün dialoq və diplomatiyanın irəlilədilməsinə bundan sonra da kömək etməyə hazır olduğunu təsdiqləyib. O, ali səviyyədə müntəzəm görüşlərin vacibliyini vurğulayıb. Nazirlər həmçinin Pakistan Baş nazirinin Rusiyaya səfərinin daha tez və hər iki tərəf üçün əlverişli olan bir tarixə keçirilməsi imkanlarını müzakirə ediblər. Səfərin müddəti ilə bağlı təfərrüatlar açıqlanmır. Bundan əlavə, Pakistanın XİN rəhbəri Lavrovu ölkəsinə səfərə dəvət edib.
Məryəm





















