Braziliyada özəl təyyarə qəzaya uğrayaraq restoran binasına çırpılıb.
Elchi.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, hadisə Riu-Qrandi-du-Sul ştatının Kapan-da-Kanoa şəhərində baş verib. “Piper JetProp DLX” modelli təyyarə yerli hava limanından havaya qalxıb və uçuşdan qısa müddət sonra uçuş-enmə zolağının sonundakı dirəyə çırpılıb. İdarəetməni itirən hava gəmisi restoranın binası üzərinə düşüb, zərbədən sonra partlayış baş verib və yanğın başlayıb.
Hadisə zamanı təyyarənin göyərtəsində olan dörd nəfərin hamısı həlak olub, onları xilas etmək mümkün olmayıb. Polis əlavə edib ki, restoran bağlı olduğu üçün yerdə xəsarət alan olmayıq.
Qəzadan sonra ərazidə hərəkət məhdudlaşdırılıb. Hadisə yerinə yanğınsöndürənlər, polis və şəhər administrasiyasının nümayəndələri cəlb olunub. Yanğın tez bir zamanda lokallaşdırılıb, qonşu evlərin sakinləri təxliyə edilib.
Hazırda qəzanın səbəbləri araşdırılır. Müstəntiqlər əsas versiya kimi texniki nasazlıq və uçuş şəraitini nəzərdən keçirirlər.
Məryəm





















