ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı hücumlar davam edir. Dünən gecədən bəri ABŞ və İsrailin əsasən paytaxt Tehranı və İranın digər bölgələrini hədəf alan hücumlarında 34 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, ABŞ və İsrail İranın paytaxtı Tehranı hədəf almağa davam edir. İran da cavab tədbirləri görür. Müharibədə gərginlik artdıqca, ABŞ və İsrail gecə yarısı Tehrana yeni hücumlar təşkil edib. Ardıcıl partlayışların eşidildiyi Tehranın Baharistan rayonunda on üç nəfər ölüb.
Fars Xəbər Agentliyinin məlumatına görə, Baharistan valisi Əbdülhəmid Şərifi məsələ ilə bağlı məlumat verib.
Şərifi Baharistan rayonunun Kale Mir qəsəbəsində iki evə edilən hücumda 13 nəfərin öldüyünü bildirib.
İran rəsmisi qeyd edib ki, dağıntılar altında axtarış-xilasetmə əməliyyatları davam edir.
Bu arada, yeni məlumatlara görə, İranın paytaxtı Tehranda mülki yaşayış məntəqəsinə ABŞ-İsrail hücumu nəticəsində dörd nəfər ölüb, yeddi nəfər yaralanıb.
Mehr Xəbər Agentliyinin məlumatına görə, şəhərin şərqində baş verən hücum nəticəsində üç bina uçub və təxminən 50 yaşayış məntəqəsinə ziyan dəyib.
İndiyə qədər hücum nəticəsində dörd nəfərin həlak olduğu, yeddi nəfərin yaralandığı bildirilir və hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.
Şayəstə





















