Braziliyanın cənubunda yüngül mühərrikli təyyarə hava limanının yaxınlığında yerləşən restoranın damına çırpılıb.
Elchi.az xəbər verir ki, bu barədə “Zero Hora” qəzeti məlumat yayıb.
Təyyarənin qəzaya uğrama anı ərazidəki təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.
Nəqliyyat vasitəsi Kapao-da-Kanoa şəhərindən San-Paulu istiqamətində uçuş həyata keçirirmiş. Hava gəmisinin göyərtəsində dörd nəfər – sahibkar cütlük Debora Belanda Ortolani və Luis Ortolani, həmçinin pilotlar Nelio Pessanya və Renan Eduardo olublar.
Onların hamısı hadisə yerində həlak olub. Onların meyitləri dağıntılar altından çıxarılaraq məhkəmə-tibbi ekspertizasına göndərilib. Hadisə zamanı restoranda insanların olub-olmaması barədə məlumat verilməyib. Qəza nəticəsində başlayan yanğını söndürmək üçün əraziyə yanğından mühafizə briqadaları cəlb edilib.





















