İran Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Qətər və Küveytin ərazilərindən və hava məkanından ABŞ-İsrail hücumları üçün istifadə etdiyi iddia edilən ölkələrə qarşı Birləşmiş Millətlər Təşkilatına (BMT) etiraz edib.
Elchi.az xəbər verir ki, Dövlət televiziyası olan Press TV-nin məlumatına görə, İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Küveytə qarşı etiraz məktubları göndərib.
Beynəlxalq hüquqa görə, dövlətlərin “əraziləri üçüncü ölkəyə qarşı təcavüz və ya silahlı hücum üçün istifadə edildikdə” məsuliyyət daşıdığını xatırladan İrəvani məktubunda bildirib ki, “İran bu qanunsuz hərəkətlərə qarşı qəti və birmənalı etirazını bildirib. İran birmənalı olaraq Birləşmiş Ərəb Əmirliklərini, Səudiyyə Ərəbistanını, Qətəri və Küveyti mehriban qonşuluq prinsiplərinə riayət etməyə və ərazilərinin İrana qarşı davamlı istifadəsinin qarşısını almağa çağırır”. Sözügedən ölkələrin ərazilərinin və hava məkanının hücumlarda istifadə edildiyi barədə məlumatların yer aldığı məktublarda bu ölkələrdən “mehriban qonşuluq prinsipinə hörmət etmələri” və ərazilərinin İrana qarşı istifadəsinə icazə verməmələri xahiş olunurdu.
Məktubda bildirilirdi ki, İran qonşu ölkələrin suverenliyinə hörmət prinsipini dəstəkləsə də, suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini qorumaq üçün özünümüdafiə hüququ da daxil olmaqla “bütün zəruri və müvafiq tədbirləri” görmək hüququnu özündə saxlayır.
Şayəstə





















