Avropa Birliyi Ukraynanın 90 milyard avroluq krediti üçün B planı hazırlamalı və Macarıstanın kreditə veto qoymasının qarşısını necə almağı düşünməlidir.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Politico”ya verdiyi müsahibədə danışıb.
Zelenski bildirib ki, Macarıstan “şantaj”la məşğuldur və buna görə də Avropa və Ukraynanın “B” planına ehtiyacı var.
“Bizə də, Avropaya da bu “B planı” lazımdır. Avropadakı tərəfdaşlarımız və əsl dostlarımız yaxşı bilirlər ki, biz təkcə Ukraynanın dəyərlərini deyil, bütün Avropanın azadlığını müdafiə edirik”, — deyə Zelenski bildirib.
Macarıstanın baş naziri Viktor Orban barədə sualı cavablandıran Zelenski qeyd edib ki, onunla münasibətlərdə “diplomatik susqunluq” çox da faydalı deyil.
Ukrayna lideri həmçinin Orbanı Rusiyanın prezidenti Vladimir Putinin “strateji tərəfdaşı”, “dostu” və “müttəfiqi” olmaqda ittiham edib.
“Orban Rusiya liderinin tərəfində dayanır. O, Ukrayna ilə bağlı hər şeyi bloklayır. Bu gün yalnız bir şeyi etmir — ərazimizə raket və ya pilotsuz uçuş aparatları ilə hücum etmir və əsgərlərini göndərmir. Amma o, Rusiyanın yaydığı eyni narrativləri təkrarlayır. Bunu şəxsən özü edir”, — deyə Zelenski vurğulayıb.
Məryəm





















