Avstraliyalı alimlər qrupu Antarktidanın sularında, Cənubi Şetland adaları yaxınlığında ilk dəfə akulanın göründüyünü qeydə alıb.
Elchi.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
“Orada akula görəcəyimizi gözləmirdik, çünki belə bir empirik qayda var ki, Antarktidada akulalar olmur,” – deyə Alan Ceymison, Qərbi Avstraliya Universitetinin professoru bildirib. Onun sözlərinə görə, akula xüsusi tədqiqat aparatına quraşdırılmış kamera ilə təxminən 490 metr dərinlikdə çəkilib. Həmin ərazidə suyun temperaturu təxminən 0°C-dir.
Dəniz dibində “sakitcə üzən” akulanın uzunluğu 3–4 metr arasında qiymətləndirilir. “Bu, kiçik akula deyil,” – deyə professor vurğulayıb. – “Bu canlılar əsl tank kimidirlər.” Ceymison ehtimal edib ki, Antarktida sahillərində balinaların və nəhəng kalmarların qalıqları ilə qidalanan başqa akulalar da yaşayır.
Agentlik bildirib ki, akula hələ 2025-ci ilin yanvarında çəkilib, lakin universitet yalnız bu həftə fotoların dərcinə icazə verib.
Alimlərə Antarktika qütb akulaları məlumdur – onlar Sakit, Hind və Atlantik okeanlarının cənub hissələrində, Avstraliya, Yeni Zelandiya və Cənubi Afrika sahillərində yaşayırlar.
Məryəm





















