Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borell bildirib ki, Çinin Parisdəki səfiri Lu Şeyin keçmiş sovet ölkələrinin suverenliyi ilə bağlı açıqlamaları qəbuledilməzdir.
Elchi.az xəbər verir ki, 1991-ci ildə müstəqillik qazanan keçmiş Sovet ölkələrinin suverenliyinin şübhə altına alına bilməyəcəyini deyən Borell “Aİ bu bəyanatların Çinin rəsmi siyasətini əks etdirmədiyini güman edir”,-deyə qeyd edib.
Çin səfiri Fransanın TF1 televiziyasına müsahibəsində deyib: “Hətta keçmiş sovet respublikalarının beynəlxalq hüquqda statusu yoxdur. Onların beynəlxalq hüquqda effektiv statusu yoxdur, çünki onların suveren ölkə statusu konkretləşdirilməmişdir”.
“Le Monde” qəzetinin məlumatına görə, Fransa Xarici İşlər Nazirliyi Lu-nun açıqlamalarına reaksiya verib.
Xarici İşlər Nazirliyinin sözçüsü Krımın ilhaqının beynəlxalq hüquq baxımından qeyri-qanuni olduğunu xatırladıb və bildirib ki, Pekin səfirin sözlərinin Çinin mövqeyini əks etdirib-əks etdirmədiyinə aydınlıq gətirməlidir.
Bu arada Fransada 80 parlamentari “Le Monde” qəzeti vasitəsilə reaksiya verən birgə bəyanat yayıb. Bəyanatda Lu-nun açıqlamalarının açıq şəkildə beynəlxalq hüququ pozduğu və Fransanın müttəfiqi olan Avropa ölkələri üçün təhdid kimi qiymətləndirilməli olduğu bildirilib.
Fransa Xarici İşlər Naziri Ketrin Kolonnadan Çin səfirini “persona non qrata” elan etməsinin istəndiyi bəyanatda Ukrayna ilə bağlı vəziyyətin kövrəkləşdiyi Avropadan sərt reaksiyanın gəlməsi lazım olduğu vurğulanıb.
Digər tərəfdən, ölkə mətbuatı Çin səfirinin verdiyi açıqlamalara görə Fransa Xarici İşlər Nazirliyinə çağırıla biləcəyini yazıb.
Yeganə





















Son şərhlər