Bakının Ə.Kürçaylı küçəsindəki 5A saylı evin 39-cu mənzilində yaşayan Qəzənfər Fətullayev ona məxsus obyektin mənimsənildiyini iddia edir.
Bu barədə o, Publika.az-a şikayət məktubunda bildirib.
Məktubuna “İnsanların problemlərinə daha həssas münasibət göstərdiyinizi bildiyimə görə sizə müraciət edirəm” sözləri ilə başlayan şikayətçi iddia edir ki, “AutoAzerbaijan” şirkəti onun hüquqlarını pozub: “Mənim 1998-ci ildə tamamilə qanuni olaraq özəlləşdirdiyim, Nizami rayonu, Əlişir Nəvai küçəsi 1-də -Qazan-Mexaniki Zavodunun idarə binasında yerləşən, ümumi sahəsi 30,5 kv.m olan iki otaq “AutoAzerbaijan” şirkəti tərəfindən sökülərək dağıdılıb.
Şirkətin təsisçiləri 3 İran vətəndaşıdır: Abroumand Azar Saeid Ghorbanali, Mohaghegh Eromi Omid Nader və Mohaghegh Eromi Amid Nader. Onlar əvvəlcə mənə 15 min manat təklif etdilər. Halbuki Babək prospektində yol kənarında yerləşən ofis yerlərinin qiyməti bundan qat-qat bahadır”.
Qəzənfər Fətullayevin sözlərinə görə, bununla yanaşı, ofisi tərk etməyi məsləhət görüblər: “Lakin razılaşmadığımı görüb, hədə-qorxuya keçdilər. Axırda qanunu pozaraq əmlakımı qəsdən, bilərəkdən darmadağın etməklə mənə külli miqdarda ziyan vurdular.
Respublikamızın hüquq mühafizə orqanlarına, o cümlədən Bakı şəhərinin Nizami rayonunun hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Lakin günahkar şəxslər hələ cəzalarını almayıblar və əmlakım mənə qaytarılmayıb. Günahkarlar barəsində hüquqi tədbir görülməyib. Nizami Rayon Prokurorluğu cinayət işi açmayıb. 2015-ci ilin 5 noyabrında baş prokurorun birinci müavini Rüstəm Usubov Nizami Rayon Prokurorluğunun qərarını 2-ci dəfə ləğv edərək təkrar araşdırma aparılması üçün yenidən Nizami Rayon Polis İdarəsinə qaytarıb”.
Şikayətçinin iddiasına görə, qərarın 16 noyabr 2015-ci il tarixdə Nizami Rayon Polis İdarəsinə daxil olmasına baxmayaraq, o vaxtdan keçən 2 aya yaxın vaxt ərzində sözügedən polis idarəsinin müstəntiqi Abdulla Cəlilli istintaq hərəkəti aparmayıb: “Nizami Rayon Prokurorluğuna bu haqda müraciət etmişəm. Hörmətli redaksiya, ümid edirəm ki, sizin də köməyiniz sayəsində haqq-ədalət öz yerini tapacaq, günahkarlar layiqli cəzasını alacaq, öz sahibkarlıq fəaliyyətimi bərpa etmək üçün mənə dəymiş maddi və mənəvi ziyan günahkarlar tərəfindən tam həcmdə ödəniləcək”.
Qeyd edək ki, məsələ ilə bağlı dəfələrlə “AutoAzerbaijan” şirkəti ilə əlaqə saxladıq. Lakin şirkətin işçiləri suallarımıza cavab verməkdən yayınaraq danışmaq istəmədilər.
Bununla belə, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Nizami Rayon Polis İdarəsinin müstəntiqi Abdulla Cəlilli isə Qəzənfər Fətullayevin iddialarını təkzib etdi. Bildirdi ki, hazırda şikayətlə bağlı araşdırma davam etdirilir: “İş Nizami Rayon Prokurorluğuna göndərilib, araşdırma gedir”.