Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 11-də Moskvada 100-dən çox səfir və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Ukrayna ətrafında vəziyyətin nizamlanmasına dair onuncu səfirlərin dəyirmi masasına ev sahibliyi edəcək.
Elchi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Dekabrın 11-də Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası onuncu səfirlərin dəyirmi masasını keçirəcək. Görüşə Moskvada akkreditə olunmuş 100-dən çox səfir və beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub. Elan edilmiş mövzu “Ukrayna böhranı: diplomatiya və həll perspektivləri”dir. Müzakirəni ənənəvi olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrov açacaq”, – o, “Böyük Vətən Müharibəsi Birlik xalqlarının kollektiv yaddaşında: Qələbənin 80-ci ildönümünə doğru” beynəlxalq konfransı çərçivəsində keçirilən brifinqdə deyib.
Zaxarova qeyd edib ki, Lavrov dinləyicilərə Ukrayna böhranının sülh yolu ilə həlli istiqamətində Moskvanın səyləri barədə məlumat verəcək və Ukraynadakı vəziyyətlə bağlı öz qiymətləndirməsini də bölüşəcək.
“Ümid edirik ki, qarşıdan gələn görüş bir daha bizə aktual məsələlər üzrə dünyanın əsas ölkələrinin nümayəndələri ilə etimadlı və konstruktiv dialoq aparmağa imkan verəcək”, – deyə Rusiya XİN-in rəsmi nümayəndəsi yekunlaşdırıb.
Məryəm





















