İsrailin hücumları və blokadası səbəbiylə aclığın yaşandığı Qəzza zolağında 453 fələstinlinin aclıqdan öldüyü bildirilib.
Elchi.az xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlamada, İsrail ordusunun bölgəyə tətbiq etdiyi aclıq böhranının səbəb olduğu insan itkiləri ilə bağlı son məlumatı paylaşıb.
Açıqlamada, Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi İnteqrasiya Qida Təhlükəsizliyi Faza Təsnifatının Qəzzada aclıq elan etdiyi avqustun 22-dən bu yana 35-i uşaq olmaqla, 175 nəfərin aclıq və qidalanmadan öldüyü bildirilib.
Qəzza “aclıqdan” ölür
İsrailin hücumları və humanitar yardımların daxil olmasını məhdudlaşdıran sıx blokada altında olan Qəzza zolağı geniş aclıq və su, dərman, tibbi ləvazimat və gigiyena materiallarının çatışmazlığı ilə humanitar fəlakət yaşayır.
Qəzza zolağında aclıqdan, xüsusən də uşaqlar arasında ölüm halları artır. Yerli və beynəlxalq dairələr İsrailin “aclıq və susuzluqdan silah kimi” istifadə etdiyi barədə xəbərdarlıq edirlər.
Mülki infrastrukturu da məhv edərək Qəzzanın 88 faizini yerlə-yeksan edən İsrail ordusu, sığındıqları bölgələrdə tez-tez deportasiya əmrləri ilə didərgin düşmüş fələstinliləri hədəf alır.
Təxminən 2,3 milyon əhalisi olan Qəzzada İsrailin hücumları və deportasiya əmrləri nəticəsində didərgin düşmüş insanların sayının 2 milyona çatdığı, bir çox insanın isə dəfələrlə evlərindən didərgin salındığı bildirilir.
Əsas ləvazimatlardan məhrum olan məcburi köçkün fələstinlilər müvəqqəti çadırlarda və ya gigiyena ləvazimatlarının az olduğu, lavaboların qeyri-kafi olduğu və yoluxucu xəstəliklərin tüğyan etdiyi həddən artıq izdihamlı məktəblərdə sağ qalmaq üçün mübarizə aparır.
İsrail ordusu isə köçkünlərin çadırlarını və sığındıqları mülki sığınacaqları gündəlik hücumlarla bombalayır.
Nuranə Məmmədova




















