Dağıstandakı ali məktəblərdə təhsil almağın avantajları barədə mətbuat nümayəndələri və abituriyentlər məlumatlandırılıb
İyunun 22-də “Badamdar” oteldə Təhsil Tanıtım Sərgisi keçirilib. Sərgi “Efla Group” Təhsil Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Elchi.az xəbər verir ki, media nümayəndələri, həmçinin abituriyentlərin iştirakı ilə baş tutan tədbirdə xaricdə təhsillə bağlı aktual olan bir sıra mövzu ətrafında fikir mübadiləsi aparılıb.
“Efla Group” Xaricdə Təhsil Mərkəzinin rəhbəri Emil Şahbazov sözügedən sərginin məqsədi və əhəmiyyəti barədə jurnalistlərə açıqlama verib. Mərkəz rəhbəri tədbirdə Dağıstanda fəaliyyət göstən bir neçə ali məktəb nümayəndələrinin iştirak etdiyini diqqətə çatdırıb:
“Tədbirdə bir neçə universitetin – Dağıstan Dövlət Pedoqoji Universiteti, Dağıstan Dövlət Xalq Təsərrüfatı Universiteti, Ümumrusiya Ədliyyə Akademiyasının Mahaçqala filialı və Dərbənddə yerləşən Dünya İqtisadiyyatı İnstitutunun rəhbərliyi iştirak edir. Məqsədimiz Dağıstanda fəaliyyət göstərən ali məktəblərin təhsil proseduru, istiqaməti, üstünlüyü haqqında məlumatlar təqdim etməkdir”.
Daha sonra Emil Şahbazov sərginin fəxri qonağı olan Gənc Alimlər İctimai Birliyinin sədri Vüqar Orucovu qonaqlara təqdim edib.
Sərgi barədə fikirlərini bölüşən Vüqar Orucov Dağıstanda fəaliyyət göstərən ali məktəblərin təhsil metodikasından, peşəkar kadr hazırlığı istiqamətində həmin təhsil ocaqlarının əhəmiyyətindən danışıb.
Tədbirin ikinci hissəsi mətbuat konfransı ilə davam edib. Emil Şahbazov və Dağıstandakı universitetlərin nümayəndələri jurnalistlərin suallarını cavablayıblar. Rus dilini bilməyən azərbaycanlı abituriyentlər üçün mövcud olan fakültələr, Dağıstandakı tələbə yataqxanaları, həmçinin pandemiya dövründən sonra sərhədlərin bağlı olmasının tələbə sayına təsirləri barədə media nümayəndələrinin suallarına ətraflı cavab verilib.
Eyni zamanda, xaricdə təhsillə bağlı cəmiyyətimizdə olan bəzi narahatlıqlar, diplomların tanınması, həmçinin Dağıstandakı ali təhsil müəssisələrinin akkreditasiyası barədə qonaqlara ətraflı məlumat verilib.
Yeganə