Politico: Fransa ABŞ silahlarının Kiyevə göndərilməsi təşəbbüsünə qoşulmayıb.
Elchi.az xəbər verir ki, Fransa ABŞ prezidenti Donald Trampın Amerika silahlarını Avropa ölkələri hesabına köçürmək ideyasını dəstəkləməyəcək. Bu barədə “Politico Europe” mənbələrə istinadən məlumat yayıb.
Nəşr yazır ki, Fransa prezidenti Emmanuel Makron uzun müddətdir ki, avropalıların avropalı istehsalçılardan silah almaqla öz müdafiə istehsalına sərmayə qoymasını müdafiə edib.
“Paris bu səbəbdən ABŞ silahlarının alınması təşəbbüsünə qoşulmayacaq”, – məqalədə izah edilir.
İyulun 14-də Tramp Kiyevə yeni silah və texnikanın, o cümlədən Patriot hava hücumundan müdafiə sistemlərinin tədarükünü vəd edib. O vurğulayıb ki, onlar Ukraynanı qorumaq üçün lazımdır, çünki Rusiya prezidenti Vladimir Putin “gözəl danışır, amma sonra axşam hamını bombalayır”.
Amerika lideri Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyi planlaşdırdığı sistemlərin dəqiq sayını açıqlamayıb, lakin əlavə edib ki, Avropa İttifaqı onların dəyərini ABŞ-a ödəyəcək.
Daha əvvəl Politico yazıb ki, Trampın Ukraynaya Amerika silahlarının tədarükü ilə bağlı yeni plan barədə sözləri ABŞ-ın müttəfiqlərini xeyli çaşdırıb. Onlar hələ başa düşə bilmirlər ki, bu istəklərin planlaşdırılması hansı mərhələdədir və Trampın planının həyata keçirilməsində konkret olaraq necə iştirak edəcəklər.
Şayəstə Hüseynova


















