Fransanın materik hissəsindəki bir neçə departamentdə 1 may 2026-cı il tarixindən etibarən sükan arxasında smartfondan istifadəyə görə cəzalar sərtləşdirilir.
Elchi.az xəbər verir ki, “BFM”-in verdiyi məlumata görə, bu tədbir prefektura qərarları vasitəsilə tətbiq edilir və bir sıra hallarda sürücülük vəsiqəsinin dərhal geri alınmasını nəzərdə tutur.
Yeni qaydalar Land, Pa-de-Kale, Lot-i-Qaronna və Sahilyanı Şaranta departamentlərinə şamil olunacaq. Sürücü yolda yoxlama zamanı hərəkət halında telefondan istifadə edərkən yaxalanarsa, vəsiqəsindən məhrum edilə bilər.
Milli polis qeyd edir ki, sükan arxasında smartfon qəzaların əsas səbəblərindən biri olaraq qalır və yol-nəqliyyat hadisəsi riskini təxminən üç dəfə artırır. Sükan arxasında telefonun əldə tutulması da daxil olmaqla, istənilən aktiv istifadə qadağandır. Həmçinin qulaqlıqlar da qadağan edilib, lakin təhlükəsiz istifadə şərti ilə GPS-naviqasiya və səsucaldıcı rejimdən istifadəyə icazə verilir.
Vəsiqədən məhrumetmə altı aya qədər davam edə bilər və əlavə qayda pozuntuları zamanı daha da sərtləşdirilə bilər. Sahilyanı Şaranta hakimiyyəti bildirir ki, bu tədbirin məqsədi yollarda ölüm hallarını azaltmaqdır. Land departamentində əvvəllər tətbiq olunan bənzər təcrübə yüzlərlə vəsiqənin geri alınması ilə nəticələnmişdi.
Fransanın digər regionlarında hələlik standart sanksiyalar qüvvədə qalır: 135 avro cərimə və sürücülük balının 3 xal azaldılması. Daxili İşlər Nazirliyi bu tədbirin bütün ölkəyə yayılma ehtimalı barədə hələlik şərh verməyib.
Məryəm





















