“Qarabağda yerləşən Rusiya sülhməramlılarının sayı və onların təchizatı məsələsinə Azərbaycan bilavasitə nəzarət etməlidir. Onların bu məqsədlə istifadə etdiyi yol niyə Ermənistan vasitəsi ilə olmalıdır? Azərbaycan regionda Zəngilan və Füzulidə iki müasir aeroport inşa edib. Laçında biri də inşa edilir. Rusiya bu aeroportlardan istifadə etməlidir və orda gömrük xidməti həyata keçirilməlidir. Bu, əslində ərazi baxımından Azərbaycana məxsus olan Qarabağın hüquqi cəhətdən Rusiya tərəfindən de-fakto tanınması və Azərbaycan qanunlarına da uyğun olar”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.
“Rusiya sülhməramlıları Laçın yolu vasitəsi ilə tez-tez Ermənistan ərazisinə niyə getməlidirlər? Əgər onların məlum sayda texnikası artıq Qarabağa yerləşibsə? Humanitar yüklər və qida təminatı onsuz da birbaşa Rusiyadan gəlir. Bu, təyyarə ilə ərazidəki aeroportlara da gələ bilər, eyni zamanda, hərbi təchizat. Ermənistan ərazisindən Qarabağa Gümrüdəki Rusiya hərbi bazasından gətirilməli olanlar isə plan üzrə həftənin bir və ya iki günü nəzarət altında, öncədən xəbər verilməklə Laçın yolu vasitəsi ilə həyata keçirilə bilər ki, bu, tam qanuna uyğun olar. Bu zaman Azərbaycan öncədən ona qərar verməlidir ki, həmin əsgər və ya hərbi təchizat Azərbaycan ərazisinə Ermənistandan necə bilavasitə daşına bilər, buna ehtiyac var, ya yox. Məcburi hal olarsa, bunu Azərbaycan ərazisindən də həyata keçirmək olar. Azərbaycanın Rusiya ilə əlaqəsi tək Qarabağdan deyil”.
Yeganə