Tədqiqatçılar qlobal istiləşmə səviyyəsini 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq hədəfinin 2029-cu ilə qədər geri dönməz şəkildə keçə biləcəyini aşkar ediblər.
Elchi.az xəbər verir ki, “Nature Climate Change” jurnalında dərc olunan araşdırmada Birləşmiş Millətlər Təşkilatı (BMT) nəzdində Hökumətlərarası İqlim Dəyişikliyi Panelinin (IPCC) dərc etdiyi hesabatdakı məlumatlar yenidən araşdırılıb.
Bu çərçivədə, IPCC hesabatında yalnız 2020-ci ilə qədər olan məlumatlara əlavə olaraq, son 3 ildə təxmin edilən karbon emissiyaları və istiləşməyə təsir edən qeyri-karbon amillərinin rolu nəzərə alınaraq yenidən hesablamalar aparıldı.
Tədqiqatçılar qalıq yanacaqlardan istifadənin “qlobal istiləşməni 2 dəfə sürətləndirdiyini” vurğulayaraq, Paris İqlim Sazişində müəyyən edilmiş istiləşmənin 1,5 dərəcə Selsi səviyyəsində sabit saxlanılması həddinin uzun illər sonra deyil, 2029-cu ilə qədər geri dönməz şəkildə keçə biləcəyini müəyyən ediblər.
Atmosferdəki karbon qazı və digər qazların dünyada radiasiyanı tutaraq istixana qazı effekti yaratdığına və buna görə də temperaturun artmasına səbəb olduğuna diqqət çəkən tədqiqatçılar, temperaturu uzun müddət mövsüm normalarının üzərində saxlamaq üçün kifayət qədər istixana qazının buraxılmış ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Şayəstə Hüseynova